Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Baş səhifə

Hindistan cəmiyyətində sosial bərabərsizliklərin ən ağır
təzahürlərindən biri kasta sisteminin yaratdığı dərin və davamlı
ayrı-seçkilikdir. Bu sistemin ən çox zərər çəkən qruplarından biri
isə tarixən “toxunulmazlar” kimi tanınan dalit icmasıdır. Dalitlər
əsrlər boyu Hindistanın ictimai həyatında təcrid olunub,
bərabərsizlik və zorakılığa məruz qalıb, onların su mənbələrindən
istifadə etməsi, dini məbədlərə daxil olması və yuxarı kastalara
mənsub şəxslərlə eyni sosial məkanı paylaşması məhdudlaşdırılıb.
“Dalit” sözü “əzilmiş”, “məzlum” mənasını verir və bu ad həmin
icmanın Hindistan cəmiyyətində üzləşdiyi tarixi ədalətsizliyi ifadə
edir.

Trend xəbər
verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Bildirilib ki, dalit icması vahid dini inanca malik deyil.
Onların arasında hinduizm, buddizm, xristianlıq, sikhizm və İslam
dininə mənsub şəxslər mövcuddur. Bununla yanaşı, dalit
ictimai-siyasi düşüncəsində B.R.Ambedkarın irsi xüsusi yer tutur.
O, kasta sisteminə qarşı çıxıb, bərabərlik, insan ləyaqəti və
sosial ədalət ideyalarını dalit hərəkatının əsas dayaqlarından
birinə çevrilib.

Rəsmi olaraq demokratik və dünyəvi dövlət kimi çıxış edən
Hindistanda kasta əsaslı ayrı-seçkiliyin hələ də geniş yayılması
ciddi insan hüquqları problemi kimi qiymətləndirilir. Hindistan
qanunvericiliyində kasta əsaslı ayrı-seçkilik qadağan edilsə də,
dalitlərin gündəlik həyatda təcrid, iqtisadi çətinliklər və
zorakılıqla üzləşməsi göstərir ki, mövcud hüquqi mexanizmlər
onların hüquqlarının qorunmasını tam təmin etmir. Bu baxımdan
problemin kökü yalnız tarixi kasta ənənələrində deyil, həm də
Hindistan hökumətinin bu sistemi faktiki olaraq aradan qaldırmaq
üçün yetərli və effektiv addımlar atmamasındadır.

“Dalitlərin əsas tələbləri kasta əsaslı diskriminasiyanın aradan
qaldırılması, zorakılıq və cəzasızlığa son qoyulması, təhsil və
məşğulluqda bərabər imkanların yaradılması, torpaq və iqtisadi
resurslara çıxışın genişləndirilməsi, siyasi təmsilçiliyin
artırılması və insan ləyaqətinə əsaslanan bərabər və təhlükəsiz
həyat şəraitinin təmin edilməsidir.

Dalitlər Hindistan əhalisinin təxminən 16–17 faizini, yəni 200
milyona yaxın insanı təşkil edir. Buna baxmayaraq, onlar ölkədə
sosial və iqtisadi baxımdan ən çox sıxışdırılmış qruplardan biri
olaraq qalırlar. Dalit icması təhsil, məşğulluq, sosial xidmətlərə
əlçatanlıq, ictimai təhlükəsizlik, iqtisadi imkanlar və siyasi
təmsilçilik sahələrində ciddi maneələrlə üzləşməkdə davam edir.

Rəsmi statistikaya görə, təkcə 2016-cı ildə aşağı kastalara
qarşı 40 mindən çox cinayət qeydə alınıb. 2018-ci ildə dalitlərin
iştirakı ilə keçirilən kütləvi aksiyalar zamanı 8 nəfərin həyatını
itirməsi isə problemin yalnız sosial ayrı-seçkiliklə
məhdudlaşmadığını, eyni zamanda, zorakılıq və təhlükəsizlik böhranı
xarakteri daşıdığını göstərir. Bu faktlar Hindistanda kasta əsaslı
diskriminasiyanın fərdi hallar deyil, sistemli və genişmiqyaslı
problem olduğunu nümayiş etdirir”,- deyə məlumat qeyd olunub.

BTQ-dən verilən məlumata görə, dalitlərlə bağlı məsələ
beynəlxalq səviyyədə də müzakirə olunub. BMT-nin İrqi
Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsi “mənşəyə əsaslanan
ayrı-seçkilik” anlayışı çərçivəsində kasta və irsi statusa
əsaslanan ayrı-seçkiliyi də insan hüquqları problemi kimi
qiymətləndirib. Bundan əlavə, dalit hüquqları müdafiəçiləri 2001-ci
ildə Cənubi Afrikanın Durban şəhərində keçirilmiş irqçilik və
ayrı-seçkiliyə qarşı Ümumdünya Konfransı zamanı kasta əsaslı
diskriminasiyanın beynəlxalq gündəmə çıxarılması üçün fəal
kampaniya aparıblar. Avropa Parlamenti də kasta əsaslı
ayrı-seçkiliyə dair ayrıca qətnamə qəbul edərək bu problemin
beynəlxalq insan hüquqları siyasətində nəzərə alınmasının
vacibliyini vurğulayıb.

Xaricdə dalit hüquqlarının müdafiəsi ilə məşğul olan əsas
təşkilatlar sırasında International “Dalit Solidarity Network”, “Equality Labs”, “International Commission for Dalit Rights”, “Ambedkar International Center” və “Dalit Solidarity Network UK”
kimi qurumlar qeyd olunur. Bu təşkilatlar kasta əsaslı
ayrı-seçkiliyin beynəlxalq səviyyədə tanıdılması, dalitlərin
hüquqlarının müdafiəsi və diaspor icmalarında maarifləndirmə işinin
aparılması istiqamətində fəaliyyət göstərirlər.

Bakı Təşəbbüs Qrupu dalit icması ilə sıx əməkdaşlıq edir və
kasta əsaslı ayrı-seçkiliyin beynəlxalq gündəmdə daha geniş
işıqlandırılmasına xüsusi önəm verir. Yaxın vaxtlarda dalit
icmasının nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulur. Bu
əməkdaşlıq Hindistanda sistemli diskriminasiyadan əziyyət çəkən
icmaların problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və
dalit icmasının səsinin qlobal platformalarda daha aydın eşidilməsi
baxımından mühüm əhəmiyyət daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir