
Bakı. Trend:
Mayın 29-da Xankəndi şəhərində Çay və Qəhvə Festivalının açılışı
oldu.
Trend xəbər verir ki,
festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 20-dən çox
yerli şirkət öz məhsullarını nümayiş etdirir.
Xankəndi şəhərində. Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
məlumata görə, Zəfər meydanında keçirilən festivalda, tədbir
iştirakçıları çay və qəhvə mədəniyyəti ilə yaxından tanış olmaq,
müxtəlif növ məhsulları dadmaq və yerli istehsalçıların təqdim
etdiyi yeniliklərlə tanış olmaq imkanı əldə edirlər.
Festival proqramına müxtəlif əyləncəli və mədəni tədbirlər də
daxildir. Gün ərzində qonaqlar üçün musiqili-konsert proqramları
təşkil olunur, tanınmış ifaçıların çıxışları təqdim
edilir.Festivalın keçirilməsində əsas məqsəd yerli istehsalçıların
fəaliyyətinin təşviqi, çay və qəhvə mədəniyyətinin təbliği,
həmçinin Xankəndinin sosial-mədəni həyatının daha da
canlandırılmasıdır.
Tədbir şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla
qarşılanıb. Festival mayın 30-dək davam edəcək.

