
Bakı. Trend:
İranda denqe qızdırmasına yoluxma hallarının artdığı
bildirilir.
Trend xəbər verir ki,
bu barədə İran QİÇS Mərkəzinin rəhbəri, professor Mino Məhrəz
məlumat verib.
Onun sözlərinə görə, xəstəliyi yayan ağcaqanad növü artıq uzun
müddətdir ölkədə mövcuddur və xüsusilə durğun sularda sürətlə
çoxalır.
“Bu ağcaqanadlar hətta çoxmərtəbəli binaların yuxarı
mərtəbələrinə qədər uça bilir və yumurta qoymaq üçün cüzi miqdarda
su kifayət edir”, – deyə professor bildirib.
Mino Məhrəz qeyd edib ki, denqe qızdırması insanlara ağcaqanad
sancması vasitəsilə keçir və insanlar arasında birbaşa yoluxma baş
vermir.
“İlk yoluxma zamanı simptomlar əsasən yüngül keçir və
soyuqdəyməni xatırladır. Lakin təkrar yoluxma daha ağır nəticələrə
səbəb ola, qanaxma və hətta ölümlə nəticələnə bilər. Xəstəliyin
spesifik müalicəsi yoxdur, buna görə profilaktik tədbirlər xüsusi
əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
Qeyd olunub ki, sentyabr ayında İranda denqe qızdırmasına
yoluxma hallarında artım müşahidə edilsə də, ölkə ərazisində yerli
endemik yayılma faktı qeydə alınmayıb.

