Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı artıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın bir sıra strateji məhsullar, xüsusilə litium-ion
batareyaları, Günəş panelləri və antibiotiklər üzrə idxalatında
Çinin payı son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

Trend “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu
barədə Almaniya Federal Statistika İdarəsinin məlumatı və Fridrix
Naumann Fondu tərəfindən yayımlanan araşdırmanın nəticələrində
əksini tapıb.

Araşdırmaya əsasən, ötən il Almaniyanın birbaşa litium-ion
batareya idxalının təxminən üçdəikisi Çinin payına düşüb. Halbuki
iki il əvvəl bu göstərici təxminən yarı səviyyəsində idi. Günəş
panelləri üzrə Çin məhsullarının payı 89 faizdən 93 faizədək artıb.
Bu göstərici antibiotik idxalında 65 faizdən 73 faizə yüksəlib.

Tədqiqata əsasən, Almaniya məhz kritik sahələrdə idxalı
şaxələndirmək əvəzinə, Çindən daha da asılı vəziyyətə düşür.
Araşdırmada maqnezium, qallium və germanium kimi metallarda da Çin
idxalının artdığı vurğulanır. Elektromobillərin mühərriklərində
istifadə olunan bəzi nadir torpaq elementləri üzrə isə Çin demək
olar ki, yeganə təchizatçı olaraq qalır.




Bununla yanaşı, Çin Almaniyanın ən böyük ticarət tərəfdaşı
mövqeyini qoruyur. Cari ilin ilk rübündə Almaniyanın Çindən idxalı
illik müqayisədə 6,4 faiz artaraq 43,5 milyard avroya çatıb.

Avropa İslahatlar Mərkəzinin (CER) araşdırmasında qeyd olunub
ki, Çinin aqressiv ixrac siyasəti Almaniyanın avtomobil,
maşınqayırma, kimya və aviasiya sənayelərinə ciddi təzyiq göstərir.
Dövlət tərəfindən dəstəklənən Çin ixracına qarşı daha güclü müdafiə
mexanizmləri yaradılmasa, Almaniyada deindustrializasiya riskinin
artacağı bildirilir.

Qeyd edək ki, Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxenin
bu həftə Çinə səfəri planlaşdırılır. Səfər zamanı iqtisadi
əməkdaşlığın perspektivləri və ticarət sahəsində ədalətli rəqabət
məsələlərinin əsas müzakirə mövzularından olacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir