
Bakı. Trend:
ABŞ Türkmənistan qazının Transxəzər istiqaməti ilə dünya
bazarlarına çıxarılmasına dəstəyini bir daha ifadə edib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət
Departamentinin Dövlət katibi Marko Rubio ilə Türkmənistanın xarici
işlər naziri Rəşid Meredov arasında Vaşinqtonda keçirilən görüşdən
sonra yayılan məlumatda qeyd olunub.
Bildirilib ki, görüş zamanı tərəflər enerji, ticarət və
təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf perspektivlərini
nəzərdən keçiriblər. Marko Rubio həmçinin son dövrdə ticarət
sahəsində əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək
Türkmənistan tərəfinə təşəkkürünü çatdırıb.
Məlumata görə, ABŞ administrasiyası Türkmənistan təbii qazının
ixrac marşrutlarının genişləndirilməsini, o cümlədən Transxəzər
istiqaməti üzrə nəql imkanlarının inkişafını dəstəklədiyini
vurğulayıb.
“Dövlət katibi Türkmənistan qazının Transxəzər marşrutları
vasitəsilə ixracının şaxələndirilməsinə ABŞ-nin qəti dəstəyini
ifadə edib”, – bəyanatda deyilir.

