
Bakı. Trend:
ABŞ-nin Virciniya ştatında sərnişin avtobusunun bir neçə
avtomobillə toqquşması faciə ilə nəticələnib. Qəza zamanı azı 5
nəfər həyatını itirib, 44 nəfər müxtəlif dərəcəli xəsarətlər
alıb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, hadisə Vaşinqton şəhərindən
təxminən 70 kilometr cənubda yerləşən Stafford dairəsində, I-95
dövlətlərarası magistral yolunda qeydə alınıb. İlkin məlumata görə,
avtobus sürücüsü yol təmiri ilə əlaqədar sürətin azaldılmasını
tələb edən nişanları nəzərə almayıb. Nəticədə avtobus əvvəlcə
yolsuzluq avtomobili ilə toqquşub, daha sonra isə bir neçə
nəqliyyat vasitəsinə çırpılıb.
Toqquşmadan sonra avtomobillərdən biri yanaraq alovlanıb.
Ölənlər arasında Massaçusets ştatından olan dörd nəfərlik ailənin
üzvləri — 45 yaşlı kişi, 44 yaşlı qadın, 13 yaşlı qız və 7 yaşlı
oğlan da var. Beşinci qurban isə yolsuzluq avtomobilində olan 25
yaşlı qadın olub.
Yaralılar ətrafdakı tibb müəssisələrinə yerləşdirilib.
Həkimlərin sözlərinə görə, üç nəfərin vəziyyəti ağır olaraq qalır.
Nyu-Yorkdan Şarlott şəhərinə gedən avtobusda təxminən 34 sərnişin
olub. Qəza zamanı sürücü də xəsarət alıb.
Hadisənin səbəbləri araşdırılır. ABŞ-nin Milli Nəqliyyat
Təhlükəsizliyi Şurası insidentlə bağlı təhqiqata başlayıb.

