
Bakı. Trend:
31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə
Azərbaycan Hava Yollarının (AZAL) təyyarə bələdçilərindən ibarət
heyəti Hökumə Əliyevanın ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın
İkinci Fəxri xiyabandakı məzarını ziyarət edib.
Bu barədə Trend-ə Azərbaycan Hava Yollarından (AZAL) məlumat
verilib.
Ziyarətçilər Hökumə Əliyevanın əziz xatirəsini dərin ehtiramla
yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər və onun şücaətli
həyat yolunu böyük hörmətlə anıblar.
AZAL heyəti Milli Qəhrəman pilotlar İqor Kşnyakin və Aleksandr
Kalyaninovun da əziz xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil
qızı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus
“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata
keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə
yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək
peşəkarlıq və fədakarlıq göstərdiyinə görə ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

