
Bakı. Trend:
İyunun 1-dən 3-nədək Bakı yenidən qlobal enerji dialoqunun əsas
platformalarından birinə çevriləcək. Bakı Enerji Həftəsi 2026 (Baku
Energy Week 2026) çərçivəsində hökumət rəsmiləri, beynəlxalq enerji
şirkətlərinin rəhbərləri, maliyyə institutlarının nümayəndələri və
ekspertlər enerji təhlükəsizliyi, ənənəvi və «yaşıl» energetikanın
inkişafı, investisiyalar və regional inteqrasiya məsələlərini
müzakirə edəcəklər.
Tədbirin miqyası Azərbaycanın dünya enerji arxitekturasında
artan rolunu növbəti dəfə təsdiqləyir. Bu il Bakı Enerji Həftəsində
iştirakını dünyanın 44 ölkəsindən 274 şirkət təsdiqləyib. Forumun
proqramında təkcə yeni sazişlərin imzalanması deyil, həmçinin
İnkişaf Etməkdə Olan Səkkiz Ölkənin (D-8) energetika nazirlərinin
birinci görüşünün, eləcə də birinci Azərbaycan-Amerika iqtisadi
dialoqunun keçirilməsi nəzərdə tutulur.
Lakin qarşıdakı görüşlərin əhəmiyyəti ənənəvi sahə forumunun
çərçivələrindən kənara çıxır. Mahiyyət etibarilə Bakı təkcə bugünkü
energetikanın müzakirə olunduğu deyil, həm də Azərbaycan, Avropa,
Mərkəzi Asiya ölkələri, Yaxın Şərq və digər tərəfdaşlar arasında
gələcək əməkdaşlıq gündəliyinin formalaşdığı bir mərkəzə
çevrilir.
Hazırkı Bakı Enerji Həftəsinin bu ilin mart ayında keçirilmiş
Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasından cəmi bir neçə ay
sonra baş tutması xüsusilə xarakterikdir. O vaxt da Bakıda Avropa
İttifaqının, həmçinin enerji resurslarının istehlakçı, istehsalçı
və tranzit dövlətlərinin yüksək səviyyəli nümayəndələri
toplaşmışdı. Həmin müzakirələrin əsas nəticəsi Azərbaycan ilə
Avropa arasında enerji tərəfdaşlığının strateji əhəmiyyətinin bir
daha təsdiqlənməsi oldu.
Əgər bir neçə il əvvəl əməkdaşlıq əsasən neft və qaz tədarükü
ətrafında qurulurdusa, bu gün o, daha kompleks xarakter alır.
Avropa İttifaqı Azərbaycanı təkcə etibarlı təbii qaz tədarükçüsü
kimi deyil, həm də bərpa olunan energetika sahəsində, «yaşıl»
elektrik enerjisinin ötürülməsində və yeni enerji dəhlizlərinin
inkişafında aparıcı tərəfdaşlardan biri kimi nəzərdən keçirir.
Azərbaycanın qlobal enerji sistemində mövqelərinin bu cür
möhkəmlənməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən ardıcıl və uzunmüddətli enerji strategiyasının
nəticəsidir. Məhz praqmatik resurs siyasətinin və infrastrukturun
aktiv inkişafının vəhdəti ölkəyə enerji resurslarının etibarlı
tədarükçüsü kimi dayanıqlı mövqe tutmağa və eyni zamanda «yaşıl»
enerji keçidi trayektoriyasına çıxmağa imkan verib.
Bununla belə, qaz komponenti münasibətlərin təməli olaraq qalır.
Üstəlik, Avropa enerji bazarının davam edən transformasiyası
fonunda onun əhəmiyyəti azalmır, əksinə, daha da güclənir.
Son illərin enerji böhranından sonra Avropa yanacaq tədarükü
mənbələrini aktiv şəkildə şaxələndirir. Yaxın Şərqdə qlobal enerji
bazarlarına və logistika zəncirlərinə təsir göstərən geosiyasi
proseslər əlavə qeyri-müəyyənlik amili olaraq qalmaqdadır. Bu
şəraitdə Azərbaycan etibarlı və qabaqcadan proqnozlaşdırıla bilən
tədarükçü nüfuzunu möhkəmləndirməkdə davam edir.
Mart ayında məhz Bakıda Cənub Qaz Dəhlizinin mövcud
infrastrukturunun genişləndirilməsi zərurətinin müzakirə edilməsi
təsadüfi deyil. Avropada Azərbaycan qazına olan tələbat artmaqda
davam etdiyi halda, mövcud güclər artıq demək olar ki, imkanlarının
son həddində işləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin mart ayında Cənub
Qaz Dəhlizinin Məşvərət Şurasının iclası zamanı bildirdiyi kimi,
Azərbaycan Avropa enerji bazarında öz iştirakını genişləndirmək
istəyir.
“Biz artıq Avropanın daha iki ölkəsinə – Almaniya və Avstriyaya
qaz tədarük etməyə başlamışıq. Beləliklə, bu gün Avropa İttifaqının
10 üzv ölkəsi Azərbaycandan qaz alır. Növbəti illərdə isə
Azərbaycan yataqlarında yeni qaz həcmlərinin hasilatını nəzərə
alaraq, biz tədarük həcmlərini artıra bilərik. Lakin bunun üçün,
sözsüz ki, — və biz bu barədə ötən dəfə danışmışdıq, — mövcud qaz
nəqli infrastrukturunun genişləndirilməsi haqqında düşünməliyik,
çünki bu gün Cənub Qaz Dəhlizi artıq tam yüklənib və biz dünyanın
hazırkı vəziyyətini nəzərə alaraq, bazarın tələb etdiyi qədər,
bəlkə də daha çox tədarük edə bilmək üçün digər genişləndirmə və
interkonnektor imkanlarını axtarırıq. Və bacardığımız qədər ixrac
edə bilmək üçün”, – dövlət başçısı bildirib.
Statistika əməkdaşlığın dayanıqlı artımını təsdiqləyir.
Trans-Adriatik Qaz Boru Kəməri (TAP AG) konsorsiumunun məlumatına
görə, təkcə 2026-cı ilin ilk 4 ayı ərzində Trans-Adriatik qaz boru
kəməri vasitəsilə Avropaya 3,72 milyard kubmetr Azərbaycan qazı
nəql edilib. Bunun 3 milyard kubmetrdən çoxu Azərbaycan qazının
Avropadakı ən böyük alıcısı olan İtaliyanın payına düşüb.
Trans-Adriatik qaz boru kəmərinin kommersiya istismarına
başlanmasından bəri ümumi nəql həcmi artıq 58 milyard kubmetri
ötüb.
Paralel olaraq ümumi ixrac göstəriciləri də artır. Dövlət
Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart
aylarında Azərbaycan 6,257 milyard kubmetr təbii qaz ixrac edib ki,
bu da ötən ilin eyni dövrünün göstəricisindən 6,1% çoxdur.
Bununla yanaşı, tədarükün gələcək artım potensialı əhəmiyyətli
olaraq qalır. Cari ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağının dərin
sulu hissəsindən qaz hasilatının başlanması gözlənilir, 2028-ci
ildə isə «Şahdəniz» yatağının işlənilməsinin yeni mərhələsinə start
veriləcək. Azərbaycan tərəfinin qiymətləndirmələrinə görə, bu
layihələrin reallaşdırılması perspektivdə hər il əlavə olaraq 10
milyarddan 15 milyard kubmetrədək qaz əldə etməyə imkan
verəcək.
Faktiki olaraq, söhbət Avropa ilə enerji əməkdaşlığının yeni
mərhələsi üçün resurs bazasının yaradılmasından gedir. Məhz buna
görə də son illərdə avropalı tərəfdaşlar getdikcə daha tez-tez
təkcə hazırkı tədarük həcmlərinin qorunub saxlanılmasından deyil,
həm də onların artırılmasından danışırlar.
Xarakterikdir ki, bu mövqeyi Brüsseldə də açıq şəkildə
təsdiqləyirlər. Avropa İttifaqının energetika üzrə komissarı Dan
Yorgensen Trend agentliyinə müsahibəsində vurğulayıb ki,
Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsinə
verdiyi töhfə yalnız artacaq.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanı etibarlı və
uzunmüddətli tərəfdaş kimi nəzərdən keçirir, tərəflər arasında
enerji əməkdaşlığı isə Avropa İttifaqının Rusiya qazının idxalından
tam imtina etməsi şəraitində strateji əhəmiyyət kəsb edir.
Bununla belə, Azərbaycan və Avropa münasibətləri artıq müstəsna
olaraq qaz mövzusunun çərçivələrindən kənara çıxır.
İkitərəfli gündəlikdə bərpa olunan energetika sahəsində
əməkdaşlıq getdikcə daha nəzərəçarpan yer tutur.
Avropa İttifaqı üçün enerji keçidi inkişafın əsas
prioritetlərindən biridir. Lakin keçidin özü sabit enerji mənbələri
və etibarlı qaz tədarükçüləri olmadan qeyri-mümkündür. Qaz isə
azkarbonlu iqtisadiyyata doğru gedən yolda mühüm keçid resursu kimi
nəzərdən keçirilir. Məhz buna görə də Avropa üçün Azərbaycanla qaz
və «yaşıl» əməkdaşlıq istiqamətləri bir-birinə zidd deyil, vahid
strategiyanın bir-birini tamamlayan elementləridir.
Azərbaycan artıq bərpa olunan energetika layihələrinin
reallaşdırılmasında ciddi irəliləyiş nümayiş etdirir. Bu ilin
yanvar ayında «ACWA Power» şirkəti tərəfindən reallaşdırılan,
regionun ən böyük 240 MVt gücündə olan külək elektrik stansiyası
istismara verilib. Daha əvvəl isə «Masdar» şirkəti tərəfindən
tikilmiş 230 MVt gücündə olan günəş elektrik stansiyası fəaliyyətə
başlayıb.
Eyni zamanda, milli enerji balansında təmiz enerjinin payını
əhəmiyyətli dərəcədə artırmalı olan yeni layihələrin icrası davam
etdirilir.
Məhz bu əsasda Azərbaycan ilə Avropa arasında enerji
tərəfdaşlığının növbəti mərhələsi formalaşır — qaz tədarükündən
«yaşıl» elektrik enerjisinin ixracına və transregional enerji
dəhlizlərinin inkişafına doğru.
Azərbaycanın enerji sektorunun artan beynəlxalq əhəmiyyətinin
əlavə təsdiqi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(SOCAR) xaricdəki fəaliyyətinin genişlənməsidir. Bu yaxınlarda
şirkət Azərbaycan qazı üçün əsas Avropa bazarı olaraq qalan
İtaliyada nümayəndəlik açıb. Eyni zamanda SOCAR Mərkəzi Asiyada da
mövqelərini möhkəmləndirməkdə davam edir və Özbəkistanda
nümayəndəlik açmağa hazırlaşır. Bu da şirkətin Xəzərdən Avropayadək
olan məkanda yeni enerji və nəqliyyat əlaqələrinin formalaşmasında
artan rolunu əks etdirir.
Ölkənin tranzit potensialı da eyni dərəcədə mühüm olaraq qalır.
Azərbaycan artıq Qazaxıstan və Türkmənistandan gələn neftin dünya
bazarlarına nəql edilməsində əsas rol oynayır. Orta Dəhlizə artan
maraq şəraitində tranzit əməkdaşlığının enerji komponenti də yeni
əhəmiyyət kəsb edərək, ölkəni Avrasiya enerji sisteminin ən vacib
qovşaqlarından birinə çevirir.
Ona görə də 2026-cı ilin Bakı Enerji Həftəsi sadəcə növbəti sahə
forumu deyil. O, Azərbaycanın dünya energetikasında rolunun
möhkəmlənməsinin daha geniş prosesini əks etdirir. Əgər bu gün
beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əsasını enerji
təhlükəsizliyini və tədarükün sabitliyini təmin edən təbii qaz
təşkil edirsə, artıq sabah bu təmələ bərpa olunan energetika,
elektrik enerjisinin transsərhəd ötürülməsi və yeni enerji
dəhlizləri sahəsindəki irimiqyaslı layihələr əlavə olunur.
Son illərin əsas tendensiyası məhz bundan ibarətdir:
Azərbaycanla enerji sahəsində əməkdaşlıq eyni zamanda həm indiki
zamanın, həm də gələcəyin əməkdaşlığına çevrilir — burada etibarlı
qaz tədarükü bugünkü günün dayanıqlığını təmin edir, «yaşıl»
energetikanın inkişafı isə sabahkı günün energetikasının əsasını
formalaşdırır.

