DİA Özbəkistandan gələn dövlət qulluqçuları üçün təcrübə proqramına başlayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dövlət idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması
məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası (DİA) tərəfindən beynəlxalq təlim və təcrübə
proqramlarının icrası davam etdirilir.

Trend xəbər
verir ki, 1 iyun– 7 iyun tarixlərində DİA tərəfindən Özbəkistan
Respublikasının bir qrup dövlət qulluqçusu, Özbəkistan Respublikası
Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyasının
magistrantları – dövlət qulluqçuları üçün təlim – təcrübə
proqramları təşkil olunacaq.

“Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı
təlim–təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nın
rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin həyata
keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı
inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi,
genişmiqyaslı rəqəmsallaşma, insan kapitalının inkişafı, ekoloji
yanaşmanın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelin
formalaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar
həyata keçirilir.

Bildirilib ki, həyata keçirilən bu siyasət nəticəsində
Azərbaycan regionda innovativ inkişaf modelini uğurla tətbiq edən,
müasir idarəçilik texnologiyalarından geniş istifadə edən və dövlət
idarəçiliyində yeni yanaşmaları effektiv şəkildə tətbiq edən
ölkələrdən birinə çevrilib.

Rektor qeyd edib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində
əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və DİA
tərəfindən ayrı-ayrı dövlətlərin dövlət qulluqçuları üçün həyata
keçirilən bu kimi təlim proqramları ölkələr arasında təcrübə
mübadiləsinin genişlənməsinə, Azərbaycan Respublikasının dövlət
idarəçiliyi modelinin öyrənilməsinə xidmət edir.

Urxan Ələkbərov DİA ilə Özbəkistan Respublikasının Prezidenti
yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyası arasında dərin
əməkdaşlığın mövcud olduğunu, davamlı şəkildə dövlət idarəçiliyi,
təhsil, elm sahələrində birgə tədbirlərin həyata keçirildiyini qeyd
edib.




Daha sonra çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Bahrom Aşrafxanov qeyd edib ki, Özbəkistan və
Azərbaycan arasında münasibətlər ortaq tarixə, mədəni köklərə və
qarşılıqlı etimada əsaslanır.

O vurğulayıb ki, son illərdə dövlət başçıları Şavkat Mirziyoyev
və Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində iki ölkə
arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək yeni
inkişaf mərhələsinə qədəm qoyub.

Səfir Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal transformasiya
və innovativ inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin
Özbəkistanda böyük maraqla izlənildiyini qeyd edib. O bildirib ki,
bu təlim proqramı iştirakçılara Azərbaycan təcrübəsini yaxından
öyrənmək, yeni bilik və bacarıqlar əldə etmək, eyni zamanda iki
qardaş ölkə arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə töhfə
vermək imkanı yaradacaq.

Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və
İdarəçiliyi Akademiyasının Dövlət Qulluğu üzrə kadrların
hazırlanması Mərkəzinin direktoru Sərvər İnoqamov tədbir
iştirakçılarını salamlayaraq Özbəkistan və Azərbaycan arasında
ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini
bildirib.

O qeyd edib ki, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi,
birgə təlim proqramları və akademik əməkdaşlıq Özbəkistan ilə
Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Onun
sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası ilə Özbəkistan Respublikasının
Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyası
arasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkar
inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə
arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Daha sonra Özbəkistandan gələn magistrant – dövlət qulluqçuları
Bakıya xüsusi maraqla gəldiklərini, bu kimi proqramların davamlı
olacaqlarından əminliklərini ifadə ediblər.

Xatırladaq ki, təlim proqramı çərçivəsində iştirakçılar üçün
dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik
fəaliyyətində rəqəmsallaşma, turizm siyasəti, ekoloji idarəetmə,
insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər kimi
mövzularda mühazirələr və təqdimatlar təşkil olunacaq. Həmçinin,
proqram çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarına
səfərləri nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir