
Bakı. Trend:
İran və ABŞ arasında müzakirələr üzrə hazırkı mərhələdə İranın
nüvə proqramı haqda hər hansı müzakirə aparılmayıb.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, İran lazım olduğu vaxtda nüvə proqramı ilə
əlaqədar məsələlər haqda hansı formada addımlar atacağını yaxşı
bilir.
Bəqai bildirib ki, İran və ABŞ arasında müzakirələrin hazırkı
mərhələsində İran diqqətini müharibəyə son qoyulmasına
yönəldib.
“Müzakirələrdə əsas problem qarşı tərəfin ziddiyyətli mövqelər
sərgiləməsi və davamlı şəkildə mövqeyini dəyişməsidir”, – deyə o
qeyd edib.
İranın tələblərinə gəldikdə, nazirlik rəsmisi qeyd edib ki,
İranın xarici ölkələrdə dondurulmuş vəsaitinin sərbəst buraxılması
dəqiqləşdirilmiş tələbdir. Hazırda isə onun hansı formada həyata
keçirilməsi araşdırılmaqdadır.
Əlavə edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran
arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

