Ərdoğan Bakı Enerji Həftəsinə müraciət ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Bakı
Enerji Həftəsinin açılış mərasiminə videomüraciət göndərib.

Trend bu
barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, prezidentin mesajını Türkiyənin energetika və
təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.

Rəcəb Tayyib Ərdoğan müraciətində bildirib ki, regionda baş
verən son hadisələr Türkiyə və Azərbaycanın enerji sahəsində atdığı
addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha
təsdiqləyir. O vurğulayıb ki, vaxtilə region üçün yalnız xəyal
hesab edilən bir çox iri enerji layihələri Azərbaycanla əməkdaşlıq
çərçivəsində uğurla reallaşdırılıb.

Türkiyə lideri Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum və
TANAP kimi strateji boru kəməri layihələrinin əhəmiyyətinə
toxunaraq, “Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” layihələri
vasitəsilə iki ölkə arasında enerji əməkdaşlığının daha da
dərinləşdiyini qeyd edib.

Ərdoğan Türkiyə və Azərbaycanın “Şəfəq-Asiman” yatağında
başladığı yeni tərəfdaşlığın əməkdaşlığın davamlı inkişafının
növbəti göstəricisi olduğunu bildirib. O, ötən il istifadəyə
verilən İğdır–Naxçıvan qaz kəmərinin Naxçıvanın enerji təchizatı
təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verdiyini
vurğulayıb.




Prezident Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında
həyata keçirilməsi planlaşdırılan “Yaşıl Elektrik Enerjisinin
Ötürülməsi və Ticarəti” layihəsinin regionun enerji
təhlükəsizliyinə əlavə dəstək verəcəyinə ümid etdiyini də ifadə
edib.

Mesajında Suriyaya qaz tədarükü məsələsinə də toxunan Ərdoğan
qeyd edib ki, ötən ilin avqustunda Türkiyə-Azərbaycan birgə
təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz nəqli bu ölkənin
bərpası və regional sabitliyin möhkəmlənməsi baxımından mühüm
əhəmiyyət daşıyır.

Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı
istiqamətində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların
mövcud olduğunu bildirən Türkiyə Prezidenti, həmçinin Qazaxıstanın
enerji resurslarının Qərb bazarlarına çatdırılmasında
Bakı–Tbilisi–Ceyhan kəmərindən istifadənin artdığını diqqətə
çatdırıb.

Ərdoğan vurğulayıb ki, Türkiyə enerji siyasətində bərpa olunan
və yaşıl enerji mənbələri də daxil olmaqla bütün istiqamətlərdə
səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürür.

O əlavə edib ki, Türkiyə qlobal iqlim fəaliyyətində öncül
ölkələrdən biri olmaq əzmini bu ilin 9–20 noyabr tarixlərində
Antalyada keçiriləcək COP31 İqlim Sammitinə ev sahibliyi etməklə
bir daha nümayiş etdirəcək.

Sonda Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçı ölkələr və
bütövlükdə region üçün faydalı nəticələr verməsini arzulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir