
Ukrayna Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığını genişləndirir.
“APA-Economics” xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən nazirlər səviyyəsində plenar sessiyada Ukraynanın energetika naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa enerji sisteminə inteqrasiyanı gücləndirmək məqsədilə elektrik enerjisi və qaz sahəsində yeni bağlantıların yaradılması üzərində işləyir.
D. Şmıqal qeyd edib ki, bu kontekstdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır:
“Hazırda Azərbaycan və Türkiyə ilə Ukraynanın bütün enerji növləri üçün Avropaya giriş qapısı kimi istifadəsi məsələsi üzrə çox yaxşı əməkdaşlıq və danışıqlar aparırıq. Bu, böyük qaz anbarlarımız və güclü elektrik şəbəkəmizlə bağlıdır”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna enerji sisteminin dayanıqlığını artırmaq üçün elektrik enerjisi istehsalının mərkəzsizləşdirilməsi siyasətini həyata keçirir və gələcəkdə qaz əsaslı generasiyanın ümumi enerji istehsalında payının ən azı 25%-ə çatdırılması nəzərdə tutulur.
Nazir əlavə edib ki, neft və qaz həm Ukrayna, həm də Avropa üçün strateji əhəmiyyətini qoruyur və bu sahədə Xəzər regionu ölkələri ilə əməkdaşlıq genişləndirilə bilər”.

