
Bakı. Trend:
Metan emissiyalarının azaldılması, enerji səmərəliliyinin
artırılması və aktivlərin elektrikləşdirilməsi şirkətlər üçün qısa
müddətdə ən effektiv nəticə verən əsas istiqamətlərdəndir.
Trend xəbər
verir ki, bunu “TotalEnergies” şirkətinin bərpa olunan enerji üzrə
baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov bu gün Bakıda
keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində
təşkil olunan panel müzakirələrində deyib.
O bildirib ki, metanın atmosferə buraxılmasının qarşısının
alınması və qaz sızmalarının aradan qaldırılması qlobal istiləşməyə
təsir baxımından yüksək prioritet daşıyır və bu sahə qısa müddətdə
ölçülə bilən nəticələr əldə etməyə imkan verir.
“İlk növbədə metan emissiyaları ilə bağlı tədbirlər prioritet
olmalıdır. Bununla yanaşı, aktivlərin elektrikləşdirilməsi,
xüsusilə onşor obyektlərdə, tez nəticə verən mühüm addımlardandır”,
– deyə o qeyd edib.
Ç.Orucov əlavə edib ki, enerji səmərəliliyi də əsas
istiqamətlərdən biridir və bu məqsədlə şirkətlər tərəfindən enerji
səmərəliliyi üzrə fəaliyyət planları icra olunur.
Onun sözlərinə görə, “TotalEnergies” 2023–2025-ci illər ərzində
bütün aktivlər üzrə enerji səmərəliliyi layihələrinin həyata
keçirilməsi üçün təxminən 2 milyard ABŞ dolları məbləğində
investisiya həyata keçirir. Bu layihələrə mühərriklərin daha
səmərəli avadanlıqlarla əvəzlənməsi və generatorların
modernləşdirilməsi daxildir.
Şirkət nümayəndəsi həmçinin bildirib ki, metan emissiyaları üzrə
2025-ci ildə 2021-ci illə müqayisədə 65 faiz azalma əldə olunub və
2030-cu ilə qədər bu göstəricinin 80 faizə çatdırılması hədəflənir.
Onun sözlərinə görə, bu məqsədin icrası real və əldə edilə bilən
hesab olunur.

