SDG 7 Yol Xəritəsi Azərbaycanın enerji keçidində yeni mərhələ açır – Cavid Abdullayev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədi 7 (SDG 7) üzrə Yol
Xəritəsi enerji keçidində yeni mərhələ açır.

Trend xəbər
verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 31-ci Bakı
Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi
və Sosial Komissiyasının (UNESCAP) dəstəyi ilə bir ildən artıq
müddətdə aparılan intensiv işlərin nəticəsi olaraq Azərbaycanın
Dayanıqlı İnkişaf Məqsədi 7 (SDG 7) üzrə Yol Xəritəsi hazırlanaraq
yekunlaşdırılıb.

“Bu təşəbbüs Azərbaycanın hamı üçün əlçatan, etibarlı, dayanıqlı
və müasir enerji təminatının genişləndirilməsi, eyni zamanda
Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyinin gücləndirilməsi
istiqamətində səylərinə dəstək məqsədilə həyata keçirilib. Yol
Xəritəsi Energetika Nazirliyi və UNESCAP arasında sıx əməkdaşlıq
şəraitində hazırlanıb və ölkəmizin dayanıqlı inkişaf yolunda mühüm
mərhələ hesab olunur”, – deyə o bildirib.

C.Abdullayev qeyd edib ki, sənəddə Azərbaycanın enerji
sektorunda əldə etdiyi nailiyyətlər qiymətləndirilib, mövcud imkan
və çağırışlar müəyyənləşdirilib, həmçinin enerji keçidinin gələcək
mərhələlərini istiqamətləndirəcək prioritet siyasət tədbirləri əks
olunub.




“Yol Xəritəsi Azərbaycanın Paris Sazişi çərçivəsində üzərinə
götürdüyü milli öhdəliklərin icrasına da töhfə verir. Ölkəmiz bərpa
olunan enerji güclərini artırdığı, yaşıl enerji dəhlizlərinin
yaradılması və sərhədlərarası elektrik enerjisi ticarəti sahəsində
regional əməkdaşlığı genişləndirdiyi bir dövrdə bu sənəd qərarların
qəbulunda və uzunmüddətli strateji planlaşdırmada etibarlı analitik
baza rolunu oynayacaq”, – deyə o vurğulayıb.

Agentlik direktorunun sözlərinə görə, Yol Xəritəsi enerji
planlaşdırılması, emissiyaların modelləşdirilməsi və siyasət
təhlilini əhatə edən NEXSTEP metodologiyası əsasında
hazırlanıb.

“Bu çərçivədə 2035-ci ilə qədər enerji keçidinin müxtəlif
ssenariləri təhlil olunub və mövcud, eləcə də planlaşdırılan
siyasətlərin SDG 7 hədəflərinə və iqlim öhdəliklərinə nə dərəcədə
xidmət etdiyi qiymətləndirilib. Araşdırmalar zamanı üç əsas ssenari
nəzərdən keçirilib. NDC 3.0 ssenarisi Azərbaycanın mövcud və
planlaşdırılan siyasət kursunu əks etdirir. SDG ssenarisi enerji
sektorunun Dayanıqlı İnkişaf Məqsədi 7 ilə tam uyğunlaşdırılması
üçün əlavə tədbirləri müəyyənləşdirir. Yaşıl Enerji Dəhlizi
ssenarisi isə Azərbaycanın bərpa olunan enerji potensialı və
strateji coğrafi mövqeyindən istifadə edərək regional yaşıl enerji
mərkəzinə və ixracatçısına çevrilmək imkanlarını qiymətləndirir”, –
deyə o əlavə edib.

C.Abdullayev bildirib ki, Yol Xəritəsinin nəticələri
Azərbaycanın enerji keçidini sürətləndirməklə yanaşı, iqtisadi
artımın, enerji təhlükəsizliyinin və regional əməkdaşlığın
gücləndirilməsi üçün geniş imkanlara malik olduğunu
təsdiqləyir.

“Bu sənəddə təqdim olunan tövsiyələr daha təmiz, dayanıqlı və
dayanıqlı enerji gələcəyinin qurulması istiqamətində siyasətçilər
və maraqlı tərəflər üçün mühüm bələdçi olacaq. Hesab edirik ki, Yol
Xəritəsi Azərbaycanın milli enerji keçidi və dayanıqlı inkişaf
gündəliyində mühüm mərhələdir. Eyni zamanda, onun əhəmiyyəti ölkə
sərhədlərini aşaraq regionda dayanıqlı enerji inkişafının təşviqinə
və aşağı karbonlu gələcəyə keçidin sürətləndirilməsinə də töhfə
verəcək”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir