
Bakı. Trend:
Bu günədək “Rəqəmsal Məktəb” platforması Bakı şəhəri üzrə yarım
milyona yaxın şagirdi əhatə edib. Növbəti tədris ilindən isə layihə
regionların iri şəhərlərini də əhatə edəcək.
Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin
rəhbəri Vüsal Xanlarov Trend-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, növnəti tədrisi ilində əlavə olaraq daha
yarım milyon şagird platformadan faydalanmaq imkanı əldə
edəcək:
“Beləliklə, “Rəqəmsal Məktəb” layihəsi ümumilikdə 1 milyona
yaxın şagirdi əhatə edən genişmiqyaslı rəqəmsal təhsil
platformasına çevriləcək. Yaxın günlərdə layihənin tətbiq olunacağı
şəhərlərlə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək.
Layihənin genişləndirilməsi təhsil sistemində digər süni intellekt
əsaslı həllərin tətbiqi üçün də əlverişli zəmin yaradacaq. Hazırda
məktəblərdə kompüter və şagird nisbəti təxminən 1:6 səviyyəsindədir
ki, bu da rəqəmsal təhsil alətlərinin tətbiqi üçün kifayət qədər
uyğun göstərici hesab olunur”, – o, qeyd edib.
Vüsal Xanlarov həmçinin vurğulayıb ki, şagirdlərin süni
intellektdən süi-istifaə etməməsi üçün tədris prosesi
dəyişməlidir:
“Təəssüf ki, bəzi hallarda şagirdlərin tapşırıqları süni
intellekt alətlərinə təqdim edərək hazır cavablardan istifadə
etdiklərini müşahidə edirik. Gələcəkdə bu kimi halların qarşısının
alınmasının əsas yolu təhsil prosesinin yenilənməsidir. Tədris
prosesi elə qurulmalıdır ki, müəllim və şagird arasında
münasibətlər yalnız bilik ötürülməsinə deyil, araşdırma, təhlil və
müzakirə bacarıqlarının inkişafına xidmət etsin. Süni intellekt
alətləri istifadəçilərə böyük həcmdə məlumatı qısa müddətdə təhlil
etmək, müxtəlif mənbələrdən informasiyanı ümumiləşdirmək və
nəticələr əldə etmək imkanı yaradır. Bu texnologiyalardan səmərəli
istifadə edən şagirdlərdə öz fikirlərini daha aydın və
əsaslandırılmış şəkildə ifadə etmək bacarığı da formalaşır”.

