
Bakı. Trend:
1 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin
iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun
başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki,
görüş zamanı, Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və
perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi,
nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət, eləcə
də regional gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə
olunub.
Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji
Tərəfdaşlıq Xartiyasına uyğun olaraq qarşılıqlı faydalı
əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini
vurğulayıblar. İlk iclası keçiriləcək Azərbaycan-ABŞ İqtisadi
Dialoqunun əməkdaşlıq əlaqələrinin inkişafı baxımından xüsusi
əhəmiyyət daşıdığı qeyd olunub.
Görüşdə enerji sahəsində uzunmüddətli əməkdaşlığın, xüsusilə
ölkəmizin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanıb. Eyni
zamanda bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək
texnologiyalar sahələrində əməkdaşlığın inkişaf perspektivləri
nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov ölkəmizin əlverişli investisiya mühiti,
regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat
verib. Bu istiqamətdə Orta Dəhlizin artan əhəmiyyəti, onun regional
iqtisadi inteqrasiyaya verdiyi töhfə vurğulanıb.
Görüşdə, ötən ilin avqust ayında Vaşinqton sammiti çərçivəsində
əldə edilmiş tarixi razılaşmalardan sonra regionda mövcud vəziyyət
və əhəmiyyətli irəliləyişlər, habelə kommunikasiya xəttlərinin
açılması, TRIPP layihəsinin icrası məsələləri müzakirə olunub.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.

