Almaniyada miqrasiya balansı azalıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada miqrasiya balansı 2025-ci ildə əvvəlki illə
müqayisədə 45 faiz azalaraq 235 min nəfər təşkil edib.

Trend Almaniya Federal Statistika İdarəsinə (Destatis) istinadla
xəbər verir ki, ötən il ölkəyə 1,48 milyon nəfər gəlib, 1,25 milyon
nəfər isə Almaniyanı tərk edib. 2024-cü ildə bu göstəricilər
müvafiq olaraq 1,69 milyon və 1,26 milyon nəfər olmuşdu. Beləliklə,
ölkəyə gələnlərin sayı bir il ərzində 13 faiz azalıb, ölkədən
gedənlərin sayı isə təxminən 2 faiz aşağı düşüb.

Miqrasiya balansının azalmasının əsas səbəblərindən biri Suriya,
Türkiyə və Əfqanıstan kimi sığınacaq axtaranların əsas mənşə
ölkələrindən gələnlərin sayının azalması olub. Suriyadan Almaniyaya
miqrasiya balansı 67 faiz azalaraq 75 mindən 25 min nəfərə düşüb.
Türkiyə üzrə bu göstərici 41 mindən 24 minə, Əfqanıstan üzrə isə 33
mindən 19 minə enib ki, hər iki halda azalma 41 faiz təşkil edib.
Ukraynadan gələnlərin sayı da azalmaqda davam edir və 121 mindən 96
min nəfərə düşüb.




Almaniyanın Avropa İttifaqı ilə miqrasiya balansı da mənfi
olaraq qalıb. Belə ki, 2025-ci ildə bu göstərici -54 min nəfər
təşkil edib. Ən böyük miqrasiya kəsiri Polşa (-17 min nəfər) və
Bolqarıstan (14 min nəfər) üzrə qeydə alınıb.

Rəsmi statistikaya görə, 2005-ci ildən etibarən Almaniya
vətəndaşları arasında xaricə köç meyli güclənməkdədir. Ötən il
Almaniya vətəndaşları arasında miqrasiya balansı üzrö mənfi saldo
97 min nəfər təşkil edib. Bu göstərici 2024-cü ildə 81 min nəfər
olmuşdu. Almaniyanı tərk edən vətəndaşların ən çox üz tutduqları
ölkələr İsveçrə (23 min nəfər), Avstriya (14 min nəfər) və İspaniya
(10 min nəfər) olub.

Ölkə daxilində miqrasiya üzrə isə ən böyük artım (9 min)
Brandenburq əyalətində müşahidə olunub. Bu göstərici Bavariya və
Şlezviq-Holştayn əyalətlərində 8 min nəfər olub. Ən böyük azalma
isə Berlin (-12 min), Türingen (-6 min) və Şimali Reyn-Vestfaliya
(-5 min) əyalətlərində qeydə alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir