
Bakı.Trend:
“Şahdəniz” yatağı regionun enerji təhlükəsizliyinin əsas
elementlərindən biri olaraq qalır və gələcək investisiyalarla yeni
texnologiyaların tətbiqi onun uzunmüddətli perspektivdə səmərəli
işlənməsini təmin edəcək.
Trend xəbər verir
ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək
strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada
çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan ölkəni qarşıdakı onilliklər
ərzində qlobal enerji mərkəzi kimi qiymətləndirməyə imkan verən bir
sıra üstünlüklərə malikdir. O, bu üstünlüklər sırasında əlverişli
strateji coğrafi mövqeyi, inkişaf etmiş infrastrukturu, biznes üçün
münbit mühiti və yüksək insan kapitalını qeyd edib.
“Qazma, geologiya, kommersiya fəaliyyəti və mühəndislik
sahələrində çalışan mütəxəssislərimiz Bakıda təkcə layihələri
deyil, həm də şirkətin digər ölkələrdəki fəaliyyət istiqamətlərinin
bir çoxunu dəstəkləyirlər”, – deyə Kristofoli bildirib.
O vurğulayıb ki, “Şahdəniz” yatağı Azərbaycanın enerji
sektorunun potensialının parlaq nümunəsidir.
“Bu, enerji təhlükəsizliyinin təməlidir. Yatağın ehtiyatları 28
trilyon kub fut qaz təşkil edir. Müqayisə üçün qeyd edim ki, bu
həcm Böyük Britaniyanın qaz tələbatını on il ərzində tam təmin
etməyə kifayət edər”, – deyə o qeyd edib.
C.Kristofoli bildirib ki, bp yatağın ehtiyatlarının çıxarılma
əmsalının artırılmasına investisiya yatırmağa davam edir.
“Xüsusilə, şirkət yeni quyuların qazılması proqramını həyata
keçirir və kompressor kompleksinin yaradılmasına 2,9 milyard dollar
sərmayə qoyur”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu obyekt tam elektrikləşdiriləcək və
Xəzərdə bu mürəkkəblik səviyyəsində ilk qurğu olacaq.
Texnologiyalar barədə danışan C.Kristofoli qeyd edib ki, onların
effektivliyi ixtisaslı kadrlarla və istehsal proseslərinə
inteqrasiya ilə birbaşa bağlıdır.
“Xəzərdə ilk dəfə olaraq təzyiqə çox dəqiq nəzarət etməyə imkan
verən yeni texnologiya tətbiq etmişik. Bu, texnologiyaların
yataqların resurs potensialının üzə çıxarılmasına necə kömək
etdiyinin nümunəsidir”, – deyə o bildirib.

