
Bakı. Trend:
SOCAR neft-qaz şirkətindən qlobal enerji və texnologiya
şirkətinə çevrilir.
Trend xəbər
verir ki, bunu Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə
keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, enerji sektorunda fəaliyyət göstərən
şirkətlər ənənəvi neft-qaz biznes modelindən daha geniş fəaliyyət
sahələrinə keçid edirlər və bu transformasiya gələcək inkişafın
əsas istiqamətlərindən biridir.
R.Nəcəf bildirib ki, əvvəllər şirkətlər əsasən neft-qaz
aktivləri ilə xarakterizə olunurdusa, hazırda onlar enerji
şirkətlərinə çevrilərək neft, qaz və digər enerji məhsulları
sahəsində fəaliyyət göstərirlər.
“Bizim və enerji sektorundakı bir çox şirkətin növbəti inkişaf
mərhələsi süni intellekt və məlumat mərkəzləri sahəsinə daxil
olmaqdır. Bu, sektorun təbii inkişaf istiqamətidir. Uzunmüddətli və
dayanıqlı inkişafı təmin etmək məqsədilə məlumat mərkəzlərinə və
süni intellekt mərkəzlərinə investisiyalar yatırırıq. Dünən
imzalanan müqavilələrdən biri də Azərbaycanda məlumat mərkəzi və
süni intellekt mərkəzinin yaradılması ilə bağlı idi”, – deyə o qeyd
edib.
SOCAR prezidentinin sözlərinə görə, şirkətin fəaliyyəti artıq
yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata
keçirilən investisiyalar onun qlobal oyunçuya çevrilməsinə şərait
yaradır.
“Bu, SOCAR-ın yalnız neft şirkətindən enerji, texnologiya və
məlumat infrastrukturu sahələrini birləşdirən çoxşaxəli şirkətə
çevrilməsi prosesidir”, – deyə o vurğulayıb.
R.Nəcəf əlavə edib ki, transformasiya prosesi şirkətin insan
kapitalı siyasətinə də təsir göstərir. Belə ki, əvvəllər əsasən
yerli kadrların çalışdığı SOCAR-da hazırda xarici mütəxəssislərin
sayı artır, şirkətin müxtəlif ölkələrdəki törəmə müəssisələrində
rəhbər vəzifələrə beynəlxalq təcrübəyə malik peşəkarlar cəlb
olunur.
Onun sözlərinə görə, bu tendensiya SOCAR-ın beynəlxalq insan
kapitalına malik qlobal enerji şirkətinə çevrilməsinin
göstəricisidir.

