
Bakı. Trend:
Əvvəllər yeni quyunun planlaşdırılması təxminən 300 gün
çəkirdisə, süni intellekt həllərinin tətbiqi nəticəsində bu müddəti
təxminən 50 günə endirmişik.
Trend xəbər
verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə
regional prezidenti Cio Kristofoli “Bakı Enerji Forumu”nda
“Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək
strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı
zamanı deyib.
Onun sözlərinə görə, enerji sektorunda uğurun əsas şərti dərin
əməkdaşlıqdır. Hökumətlərarası münasibətlər, maliyyə resursları,
qabaqcıl texnologiyalar, uğurlu icra təcrübəsi və güclü təchizat
zənciri olmadan böyük layihələrin həyata keçirilməsi mümkün
deyil.
“Bu komponentlərin hamısı heç bir şirkətdə təkbaşına mövcud
deyil. Buna görə də əməkdaşlıq həlledici əhəmiyyət daşıyır.
Azərbaycanın enerji sektorundakı uğurunun əsas səbəblərindən birini
seçməli olsam, bu, məhz əməkdaşlıq olardı”, – deyə o bildirib.
C.Kristofoli qeyd edib ki, gələcək inkişafdan danışmaq üçün ilk
növbədə mövcud aktivlərin səmərəli idarə olunması vacibdir. Bu
baxımdan, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı dünya səviyyəsində
nümunə hesab oluna bilər.
Onun sözlərinə görə, oxşar iri yataqlarda hasilatın illik
azalması adətən 5-6 faiz təşkil etdiyi halda, AÇG-də bu göstərici
təxminən 3 faizdir ki, bu da ən yaxşı beynəlxalq nəticələrdən
biridir.
Regional prezident vurğulayıb ki, buna nail olmaqda
texnologiyalar mühüm rol oynayır. Hazırda AÇG-də maye hərəkətinin
izlənilməsinə imkan verən genişmiqyaslı 4D seysmik proqram həyata
keçirilir. Bu, bp-nin ən böyük seysmik layihələrindən biridir.
C.Kristofolinin sözlərinə görə, bp, SOCAR və digər tərəfdaşların
iştirakı ilə Azərbaycanda yaradılmış süni intellekt şirkəti seysmik
məlumatların emalını həyata keçirərək onların keyfiyyətini artırır.
Bu şirkət artıq öz xidmətlərini beynəlxalq bazarlara da təqdim
edir.
O qeyd edib ki, süni intellekt texnologiyaları yalnız
məlumatların təhlili üçün deyil, həm də əməliyyat proseslərinin
optimallaşdırılması üçün istifadə olunur.
“Əvvəllər yeni quyunun planlaşdırılması təxminən 300 gün
çəkirdisə, süni intellekt həllərinin tətbiqi nəticəsində bu müddəti
təxminən 50 günə endirmişik. Bu, çox ciddi irəliləyişdir”, – deyə o
bildirib.
C.Kristofoli əlavə edib ki, geosteerinq, üfüqi qazma və digər
müasir texnologiyaların birgə tətbiqi quyuların daha dəqiq
yerləşdirilməsinə və hasilatın səmərəliliyinin artırılmasına imkan
yaradır.
Onun sözlərinə görə, bp hazırda “Şərqi Azəri” layihəsinin
potensialını inkişaf etdirir, “Qarabağ” strukturunun mövcud
infrastrukturla inteqrasiyası üzərində işləyir və yeni logistika
həllərini tətbiq edir.
“Bütün bunlar məni əmin edir ki, Bakı yeni Hyuston və yeni
Aberdin olma yolundadır. Texnologiyalar, düzgün düşüncə tərzi,
güclü tərəfdaşlıq, yüksək ixtisaslı insan kapitalı və zəngin
resurslar bu potensialın əsasını təşkil edir”, – deyə C.Kristofoli
vurğulayıb.

