
Bakı. Trend:
bp və SOCAR tərəfindən həyata keçirilən birgə layihə
çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda mövcud bütün
seysmik məlumatların vahid bazada birləşdirilməsi nəzərdə
tutulur.
Trend xəbər
verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə
yeraltı ehtiyatlar (Subsurface) üzrə vitse-prezidenti Dan Sparkes
Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində
deyib.
Onun sözlərinə görə, neft-qaz sənayesində şirkətlər adətən rəqib
kimi görünsə də, əslində eyni regionda fəaliyyət göstərən
operatorlar arasında əməkdaşlıq rəqabətdən daha çox fayda yaradır.
Dan Sparkes bildirib ki, əsas rəqabət digər regionlarla bağlıdır,
çünki daha ucuz hasilat qiymətinə malik bazarlar investisiya cəlb
etməkdə üstünlük qazanır.
O qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) kimi iri layihələr
uzun illər ərzində böyük inkişaf mərhələsi keçib və bu sahələrdə
yeni infrastruktur, gəmi və texniki imkanların yaradılması
mümkündür: “Lakin gələcək layihələrdə bu cür geniş maliyyə
imkanları hər zaman mövcud olmur. Bu səbəbdən sahə üzrə davamlı
inkişaf yalnız şirkətlər arasında resurs və texnologiya paylaşımı
ilə mümkündür. Birgə istifadə edilən infrastruktur – o cümlədən
platformalar, avadanlıqlar və gəmilər – regionda yeni imkanların
yaranmasına şərait yaradır”.
Dan Sparkes xüsusilə bp və SOCAR arasında həyata keçirilən
əməkdaşlığı yüksək qiymətləndirib və bu modelin gələcəkdə digər
şirkətlərin də iştirakı ilə genişlənə biləcəyini bildirib.
O əlavə edib ki, bu sahədə uğurlu təcrübələrdən biri Kanadanın
Alberta bölgəsidir. Onun sözlərinə görə, həmin regionda açıq
məlumat mübadiləsi sistemi mövcuddur və bu da şirkətlərə daha çox
yatağın səmərəli şəkildə işlənməsinə imkan verir.
“Alberta təcrübəsində bütün quyular üzrə geoloji və texniki
məlumatlar açıq şəkildə əlçatandır. Bu sistem şirkətlərin öz daxili
məlumat bazalarından çox, ümumi platformadan istifadə etməsinə
şərait yaradır və daha çox ehtiyatın aşkar edilməsinə imkan verir”,
– deyə o bildirib.
Dan Sparkes qeyd edib ki, bp və SOCAR tərəfindən həyata
keçirilən birgə layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan
sektorunda mövcud bütün seysmik məlumatların vahid bazada
birləşdirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, Xəzər hövzəsi karbohidrogen ehtiyatları
baxımından olduqca zəngin regiondur, lakin burada hələ də kifayət
qədər öyrənilməmiş sahələr və seysmik məlumat boşluqları
mövcuddur.
O əlavə edib ki, bu vəziyyət Meksika körfəzi ilə müqayisədə
fərqlidir, çünki həmin region daha çox seysmik tədqiqatlarla tam
əhatə olunub.
bp rəsmisi bildirib ki, gələcək mərhələdə bu boşluqların
doldurulması və yeni məlumatların əldə edilməsi üçün şirkətlər
arasında daha geniş əməkdaşlıq vacibdir.
“Bu proses tək bir şirkət tərəfindən həyata keçirilə bilməz.
Uğur yalnız birgə əməkdaşlıq və məlumat mübadiləsi ilə mümkündür”,
– deyə Dan Sparkes vurğulayıb.

