
Bakı. Trend:
İyunun 1-də Azərbaycan Respublikası və Mikroneziya Federativ
Ştatları arasında diplomatik əlaqələr təsis edilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumat
verilib.
Bildirilib ki, iki dövlət arasında diplomatik münasibətlərin
qurulması ilə bağlı Birgə Kommünike Nyu-York şəhərində Azərbaycan
Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi
nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının
Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve
tərəfindən imzalanıb.
Birgə Kommünikedə Azərbaycan Respublikası və Mikroneziya
Federativ Ştatları, habelə xalqları arasında qarşılıqlı anlaşma və
əməkdaşlığın təşviq olunması niyyəti ifadə olunur.
Sənəddə həmçinin hər iki dövlətin hökumətlərinin diplomatik
əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də
dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili
işlərinə qarışmamaq prinsipini əsas tutduqları vurğulanır.
Birgə Kommünikenin BMT sənədi kimi yayılması məqsədilə BMT Baş
katibinə müvafiq məktub ünvanlanıb.

