
Bakı. Trend:
Artan tələbat, inkişaf etmiş infrastruktur və dayanıqlı
tərəfdaşlıq münasibətləri qaz sənayesində uzunmüddətli
strategiyanın əsasını təşkil edir.
Trend xəbər verir
ki, bunu bp-nin Xəzər regionunda biznesin inkişafı üzrə
vitse-prezidenti Çingiz Hacıyev Bakı Enerji Həftəsi çərçivəsində
keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, ilk əsas amil sənayeləşmə, elektrikləşmə və
əhali sayının artması fonunda davamlı olaraq yüksələn
tələbatdır.
“Hazırda qaz digər enerji mənbələri tərəfindən sıxışdırılmır,
əksinə, tələbatın yüksək olduğu bir resurs olaraq qalır”, – deyə o
qeyd edib.
Ç.Hacıyevin sözlərinə görə, ikinci mühüm element
infrastrukturdur.
O bildirib ki, tədarükdə fasilələr riskinin artdığı şəraitdə
enerji infrastrukturunun əhəmiyyəti daim yüksəlir.
Ç.Hacıyev vurğulayıb ki, qaz yalnız yanacaq deyil, həm də
iqtisadiyyatlar, sənaye sahələri və dövlətlər arasında strateji
əlaqələndirici halqadır və bu funksiyanın həyata keçirilməsi məhz
müvafiq infrastrukturun mövcudluğu sayəsində mümkündür
Onun sözlərinə görə, buna misal kimi Cənub Qaz Dəhlizini
göstərmək olar.
O təxminən otuz il əvvəl SOCAR, Azərbaycan hökuməti, bp və
tərəfdaşların Xəzər dənizindən Cənubi Avropaya qədər uzanan 3,5 min
kilometrlik boru kəməri dəhlizinin yaradılması barədə qərar qəbul
etdiklərini xatırladıb.

