
Bakı.Trend:
Ermənistan Rusiyanın bir sıra erməni mallarının idxalına tətbiq
etdiyi məhdudiyyətlər fonunda öz məhsullarının Avropa İttifaqı
bazarına çıxışını daha fəal şəkildə təşviq etmək niyyətindədir.
Trend Ermənistan
mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın
İqtisadiyyat naziri Gevorq Papoyan məlumat verib.
Onun sözlərinə görə, hökumət ixracatçıların dəstəklənməsi
proqramı hazırlayıb. Proqram çərçivəsində kənd təsərrüfatı
məhsullarının Aİ ölkələrinə tədarükü zamanı nəqliyyat xərclərinin
subsidiyalaşdırılması nəzərdə tutulur. Papoyan qeyd edib ki, erməni
meyvə və tərəvəzləri Global GAP sertifikatına malikdir ki, bu da
onların Avropanın yüksək keyfiyyət standartlarına uyğun olmasına
imkan verir.
Nazir vurğulayıb ki, ixrac demək olar ki, Yunanıstandan
Almaniyayadək Avropa İttifaqının bütün ölkələrinə həyata keçirilə
bilər. Bununla yanaşı, o bildirib ki, İrəvan məhdudiyyətlərin
aradan qaldırılması məsələsi ilə bağlı Moskva ilə danışıqları davam
etdirir və vəziyyətin yaxın zamanda tənzimlənəcəyinə ümid edir.
Xatırladaq ki, mayın 30-da Rusiyanın Baytarlıq və Fitosanitar
Nəzarət Xidməti (Rosselxoznadzor) bildirib ki, Rusiya Ermənistandan
bəzi giləmeyvə növləri və təzə tərəvəzlərin idxalına müvəqqəti
məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər siyahısına pomidor,
xiyar, bibər, yaşıl göyərtilər və çiyələk daxildir.

