
Bakı. Trend:
Azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər rayonunda geotermal
enerji potensialının inkişafı istiqamətində işlər aparılır.
Trend xəbər
verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji
Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, geotermal enerji layihələrinin
reallaşdırılması üçün Energetika Nazirliyinin dəstəyi ilə müvafiq
tənzimləyici çərçivənin və tarif mexanizmlərinin hazırlanması
istiqamətində işlər görülür.
Ə.İsayev qeyd edib ki, beynəlxalq investorlar üçün əlavə
stimullaşdırıcı mexanizmlərin yaradılması da vacib amillərdən
biridir.
“Geotermal enerjinin inkişafı məsələsi 2030-cu ilədək
Sosial-İqtisadi İnkişaf Proqramına da daxil edilib. Buna görə də
yaxın gələcəkdə Azərbaycanın bu sahədə malik olduğu potensialdan
istifadə edə biləcəyimizə ümid edirik”, – deyə o bildirib.
Vitse-prezident əlavə edib ki, SOCAR elektrik enerjisinin
beynəlxalq mübadiləsi ilə bağlı layihələrdə iştirakda da
maraqlıdır.
Onun sözlərinə görə, şirkət bu istiqamətdə aparılan
texniki-iqtisadi əsaslandırma işlərinin nəticələrini maraqla
gözləyir və layihələrə qoşulmağa hazırdır.
Ə.İsayev vurğulayıb ki, SOCAR-ın Gürcüstan, Türkiyə və digər
ölkələrdəki fəaliyyəti şirkətə regional enerji layihələrinin həyata
keçirilməsi üçün əlavə imkanlar yaradır.
“Bu ölkələrdəki təcrübə və imkanlarımızdan istifadə etməklə
gələcəkdə sözügedən layihələri səmərəli və effektiv şəkildə həyata
keçirə biləcəyimizə inanırıq”, – deyə o əlavə edib.

