
Bakı. Trend:
“PAŞA Kapital”ın 2025-ci ildə gəlirləri 9,9 milyon manata
yüksəlib, aktiv bazası genişlənib, öhdəlikləri isə azalıb.
Trend xəbər
verir ki, bunu “PAŞA Kapital”ın İdarə Heyətinin üzvü Elnur
Fətullayev bu gün şirkətin 2025-ci il üzrə maliyyə göstəricilərinə
həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, şirkətin gəlirləri 2024-cü illə müqayisədə
18% artaraq 8,4 milyon manatdan 9,9 milyon manata çatıb. Gəlirlərin
əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edib. Bu
istiqamətdə əldə olunan gəlir 2025-ci ildə 6,3 milyon manat olub.
Bundan əlavə, şirkət 2,4 milyon manat həcmində xalis faiz gəliri
əldə edib.
E.Fətullayev bildirib ki, haqq və komissiya gəlirlərinin
strukturunda broker xidmətləri üstünlük təşkil edib. Belə ki, bu
seqment ümumi gəlirlərin 69,7%-ni formalaşdırıb. Anderaytinq
xidmətlərinin payı 28,8%, digər əməliyyatların payı isə 1,5%
olub.
İdarə Heyətinin üzvü qeyd edib ki, şirkətin xalis mənfəəti də
artım nümayiş etdirib. 2024-cü ildə 2,2 milyon manat olan xalis
mənfəət 2025-ci ildə 2,5 milyon manata yüksəlib ki, bu da illik
müqayisədə 13%-lik artım deməkdir.
Onun sözlərinə görə, “PAŞA Kapital”ın maliyyə vəziyyətində də
müsbət dinamika qeydə alınıb. Şirkətin aktivləri 56,1 milyon
manatdan 64,8 milyon manata yüksəlib. Eyni zamanda, öhdəliklər 47,6
milyon manatdan 46,1 milyon manata enib. Kapital isə 16,5 milyon
manatdan 18,7 milyon manata çatıb.
E.Fətullayev əlavə edib ki, 2025-ci ildə şirkətin xalis mənfəət
marjası 25,3%, kapitalın rentabelliyi (ROE) isə 14,5% təşkil
edib.
O vurğulayıb ki, açıqlanan göstəricilər “PAŞA Kapital”ın
dayanıqlı inkişafını, maliyyə dayanıqlığının gücləndiyini və
kapital bazarında mövqeyinin daha da möhkəmləndiyini nümayiş
etdirir.

