Silk Way West Airlines Sinqapurda dnata ilə əməkdaşlığını genişləndirir

Baş səhifə

Bakı. Trend:

Xəzər regionu və Mərkəzi Asiyanın aparıcı yük aviaşirkəti olan
Silk Way West Airlines Sinqapur Çangi Hava Limanında yüklərin emalı
və yük hava gəmilərinə yerüstü xidmətlərin göstərilməsi üzrə
dünyanın aparıcı aviasiya və səyahət xidmətləri təminatçılarından
biri olan dnata ilə yeni çoxillik müqavilə imzalayıb. Bu razılaşma
iki şirkət arasında uzunmüddətli qlobal tərəfdaşlığı daha da
möhkəmləndirir.

Müqaviləyə əsasən, dnata Asiyanın əsas aviasiya və logistika
mərkəzlərindən biri olan Çangi Hava Limanında Silk Way West
Airlines-ın həftədə iki dəfə həyata keçirilən yük reyslərinə xidmət
göstərəcək. Tərəfdaşlıq çərçivəsində hər il 100-dən çox yük
reysinin və 15 000 tondan artıq müxtəlif kateqoriyalı yükün emalı
nəzərdə tutulur. Bu yüklərə standart yüklər, temperatur rejiminə
həssas məhsullar, eləcə də neft-qaz, aviasiya və aerokosmik sahələr
üçün nəzərdə tutulan avadanlıqlar kimi xüsusi təyinatlı yüklər
daxildir.

Sinqapur Silk Way West Airlines-ın qlobal yük şəbəkəsində mühüm
rol oynayır və Asiya-Sakit okean regionunu Yaxın Şərq, Avropa və
digər əsas bazarlarla birləşdirir. Bu müqavilə aviaşirkətin yüksək
əməliyyat standartlarını qorumaq, xidmət etibarlılığını
gücləndirmək və şəbəkə üzrə yük axınlarının səmərəli idarə
olunmasını təmin etmək istiqamətində yanaşmasını əks etdirir.

Silk Way West Airlines-ın Əməliyyatlar üzrə baş direktoru Onno
Pitersma bildirib: “Qlobal yük şəbəkəmizdə Sinqapur mühüm keçid
məntəqəsidir. Etibarlı yerüstü xidmət və yük emalı hava gəmiləri
ilə əməliyyatların səmərəli və fasiləsiz həyata keçirilməsi üçün
vacib amildir. dnata ilə davam edən əməkdaşlığımız əməliyyat
mükəmməlliyinə, xidmət etibarlılığına və bütün dünyada
müştərilərimizə etibarlı yükdaşıma həlləri təqdim etməyə yönəlmiş
fəaliyyətimizi dəstəkləyir.”

dnata-nın Sinqapurdakı hava limanı əməliyyatları bölməsinin
İdarəedici direktoru Tom Elvin-Cons bildirib: “Bu müqavilə
dnata-nın Sinqapurdakı güclü əməliyyat imkanlarını və Çangi Hava
Limanı kimi dinamik və yüksək səviyyədə koordinasiya olunan
aviasiya mərkəzində yük aviaşirkətlərinə etibarlı dəstək göstərmək
bacarığını nümayiş etdirir. Biz Çangi Hava Limanı ekosistemində
fəaliyyət göstərən tərəfdaşlarla sıx əməkdaşlıq edirik və
komandamız bu işdən həqiqətən qürur duyur.

Bizim üçün əsas məqsəd sabit və etibarlı xidmət göstərməkdir.
Bu, əməliyyat tələblərinin artdığı şəraitdə belə, hava gəmilərinin
vaxtında qəbul edilib yola salınmasını, yük axınlarının fasiləsiz
idarəolunmasını və yüksək xidmət standartlarının qorunmasını təmin
etmək deməkdir. Bu nəticə yerli səviyyədə peşəkar komandaların,
düzgün qurulmuş proseslərin və effektiv sistemlərin birgə
fəaliyyəti sayəsində mümkün olur.”




Bu saziş Silk Way Group və dnata arasında uzunmüddətli
tərəfdaşlığa əsaslanır və hazırda Amsterdam, Dubay, eləcə də İraqın
bir sıra istiqamətləri daxil olmaqla əsas beynəlxalq bazarları
əhatə edir. dnata artıq aviaşirkətin genişmiqyaslı əməliyyatlarına
dəstək göstərir, hər il 1000-dən çox reysə xidmət edir və
əhəmiyyətli həcmdə yük emal edir. Son dövrdə tərəfdaşlıq
Azərbaycanın Ələt Azad İqtisadi Zonasında inşa olunan yeni yük hava
limanında aviasiya xidmətləri mərkəzinin yaradılmasına yönəlmiş
birgə müəssisə çərçivəsində daha da genişləndirilib.

Sinqapurda dnata Çangi Hava Limanında 30-dan çox aviaşirkətə
geniş çeşidli aviasiya xidmətləri göstərir və hər il təxminən 250
000 ton yük emal edir. Qlobal miqyasda isə dnata 16 ölkədə 90-dan
çox hava limanında yerüstü xidmət və yük emalı sahəsində fəaliyyət
göstərir. 2025–2026 maliyyə ilində şirkətin komandaları 888 000-dən
çox reysə yerüstü xidmət göstərib və 3,2 milyon ton yük emal
edib.

Yeni müqavilə Silk Way West Airlines-in etibarlı beynəlxalq
xidmət təminatçıları ilə strateji tərəfdaşlıqlar vasitəsilə
dayanıqlı qlobal yük əməliyyatlarını inkişaf etdirmək, həmçinin
dünyanın müxtəlif bazarlarında müştərilərinə sabit xidmət
keyfiyyəti və etibarlı yükdaşıma həlləri təqdim etmək istiqamətində
fəaliyyətini bir daha təsdiqləyir.

Silk Way West Airlines haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda
qoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev Beynəlxalq
Hava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yük
təyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə
hər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilik
prinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədər
donanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350F
təyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB,
Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətə
yükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yük
dövriyyəsini idarə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir