
Bakı. Trend:
Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı
Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75
Fərman və Sərəncam imzalanıb, Milli Məclisdə 11 qanun qəbul
edilib.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan
hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin
birgə iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə
məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət
yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən
çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi
köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
“Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər
ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı
sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və
digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək
göstərilib”, – deyə komitə sədri əlavə edib.

