
Xankəndi. Trend:
Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay magistral
kanalı və sol sahil kanalı müharibədən sonra bərpa olunub. Hazırda
isə sağ sahil kanalının yenidən qurulması üçün hazırlıq işləri
davam edir.
Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
(ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən
mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su
Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev
deyib.
Onun sözlərinə görə, sağ sahil kanalında yenidənqurma işləri
ərazilərin minalardan tam təmizlənməsindən sonra həyata
keçiriləcək.
“Burada görülən işlərin hamısı Azərbaycan dövlətinin, dövlət
büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Qeyd etdiyim
kimi, Tərtər Suqovuşan hidroqovşağından başlayan Tərtərçay
magistral kanalı və sol sahil kanalı müharibədən sonra bərpa
olunub. Hazırda isə minatəmizləmə işləri başa çatdıqdan sonra sağ
sahil kanalında yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə
tutulur”, – deyə İ.Quliyev bildirib.
O qeyd edib ki, həyata keçirilən layihələr regionun su
təsərrüfatı infrastrukturunun bərpasına, suvarma imkanlarının
genişləndirilməsinə və kənd təsərrüfatının inkişafına mühüm töhfə
verəcək.

