
Bakı. Trend:
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan
tarixi Zəfər, ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət
tərəfindən tanınmış hüdudlar çərçivəsində dövlət suverenliyimizi
bərqərar etməklə yanaşı, eyni zamanda, yüz minlərlə soydaşımızın öz
doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıb.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan
hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin
birgə iclasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
O bildirib ki, dünya praktikasında öz unikallığı ilə
səciyyələnən Böyük Qayıdış istər miqyasına, istərsə də işğal
dövründə məruz qalmış dağıntıların həcminə görə, 2030-cu ilədək
ölkəmizdə sosial-iqtisadi inkişafa dair 5 milli prioritetdən
biridir.

