
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Möctəba Xamenei ilə görüşmək
istədiyini bildirib.
Trend xəbər verir
ki, o bu barədə “The New York Post” nəşrinə verdiyi müsahibədə
bildirib.
“Mən hamı ilə görüşmək istərdim. Onunla da görüşmək istərdim və
yəqin ki, hadisələrin hansı şəkildə inkişaf etməsindən asılı olaraq
nə vaxtsa görüşəcəyik”, – deyə Tramp bildirib.
Tramp hesab edir ki, Möctəba Xamenei Tehranla Vaşinqton arasında
aparılan danışıqlar prosesinə cəlb olunub və silahlı münaqişənin
başa çatdırılması ilə bağlı qərarların qəbulunda iştirak edir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

