
Bakı.Trend:
Azərbaycanda paylanmış günəş energetikası və damüstü günəş
enerjisi (rooftop solar) potensialının təhlili təqdim olunub.
Təhlilə əsasən, binaların damlarında quraşdırıla biləcək günəş
qurğularının texniki potensialı təxminən 9,4 QVt təşkil edir.
Trend xəbər verir
ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda keçirilən
2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda
çərçivəsində keçirilən panel müzakirəsində deyib.
C.Abdullayev vurğulayıb ki, iri günəş və külək enerjisi
layihələri ilə yanaşı, paylanmış generasiyanın, o cümlədən damüstü
günəş enerjisinin inkişafı, eləcə də ev təsərrüfatlarının, biznes
subyektlərinin və bələdiyyələrin enerji keçidində iştirakı mühüm
əhəmiyyət daşıyır.
O qeyd edib ki, dünyada damüstü günəş enerjisi enerji
təhlükəsizliyinin artırılması, elektrik şəbəkələrinə düşən yükün
azaldılması, investisiya və məşğulluğun stimullaşdırılması üçün
mühüm alət kimi qiymətləndirilir. Bununla belə, Azərbaycanda bu
potensialdan hələ tam istifadə olunmur.
“Təqdim olunan tədqiqat çərçivəsində peyk məlumatları və
geoməkan texnologiyalarından istifadə edilməklə ölkənin strateji
əhəmiyyət daşıyan doqquz şəhərində damüstü günəş qurğularının
potensialı qiymətləndirilib.
Nəticələrə əsasən, damüstü günəş enerjisinin texniki potensialı
təxminən 9,4 QVt, illik potensial elektrik enerjisi istehsalı isə
11,8 TVt·saatdan çox təmiz elektrik enerjisi təşkil edir”, – deyə o
əlavə edib.

