
Bakı. Trend:
“Şahdəniz” qaz-kondensat yatağının Hasilatın Pay Bölgüsü
Sazişinin (HPBS) imzalanmasından 30 il ötür.
Trend bp-yə
istinadən xəbər verir ki, bu müddət ərzində “Şahdəniz” Azərbaycanın
enerji sektorunun inkişafında strateji rol oynayan ən iri
layihələrdən birinə çevrilib. Layihə çərçivəsində yataqdan ilk
kommersiya hasilatı 2006-cı ildə əldə edilib və hazırda hasilat
əməliyyatları Şahdəniz 1 və Şahdəniz 2 mərhələləri üzrə davam
etdirilir.
Məlumata görə, ilk hasilat başlayandan 2026-cı ilin 1-ci rübünün
sonunadək “Şahdəniz” yatağından ümumilikdə 271 milyard kubmetr qaz
və təxminən 53 milyon ton kondensat hasil olunub.
Qeyd edilib ki, 2025-ci ildə Şahdəniz Alfa və Şahdəniz Bravo
platformalarından təxminən 27 milyard standart kubmetr qaz və
təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil
edilib. Hazırda yataqda 34 quyu qazılıb, onlardan 32-si
istismardadır.
Layihənin ixrac infrastrukturu çərçivəsində hasil edilən qaz
Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qaz Dəhlizi vasitəsilə
Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa bazarlarına nəql olunur.
2006-cı ildən etibarən CQBK və CQBKG ilə ümumilikdə təxminən 271
milyard kubmetr “Şahdəniz” qazı ixrac edilib.
Bildirilib ki, “Şahdəniz” yatağı Azərbaycanın regional və
beynəlxalq qaz təchizatçısı kimi rolunu gücləndirməklə yanaşı,
ölkəyə iri həcmli xarici investisiyaların cəlb olunmasına şərait
yaradıb. Layihə çərçivəsində müasir dəniz və quru infrastruktur
beynəlxalq standartlara uyğun şəkildə inşa edilib.
Layihənin ümumi kapital xərcləri 2026-cı ilin birinci rübünün
sonuna 31 milyard dollar təşkil edib. “Şahdəniz” həmçinin yüksək
əməliyyat təhlükəsizliyi və ekoloji standartlara uyğunluğu ilə
seçilən layihələrdən biri kimi qiymətləndirilir.
Qeyd olunur ki, yataqda ümumilikdə 16 Ətraf Mühitə Təsirin
Qiymətləndirilməsi aparılıb, həmçinin 98 dəniz, quru və sahilyanı
monitorinq tədqiqatı həyata keçirilib.
“Şahdəniz” yatağı Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70
kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox
sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları
ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2
milyard barel kondensat təşkil edir.
Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü
ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və
2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə
“Şahdəniz 2” layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil
olub.
Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya
layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində
olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını
artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın
əldə olunmasına imkan yaradacağı gözlənilir.
Eyni zamanda, “Şahdəniz” layihəsi Azərbaycanda yerli sənaye
potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə
verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli
tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə
inteqrasiya olunub.
“Şahdəniz” sazişinin 30 illiyi Azərbaycan neft-qaz sənayesinin
yeni inkişaf mərhələsini əks etdirən mühüm hadisə kimi
qiymətləndirilir.

