
Bakı. Trend:
Fənərbağça İdman Klubunun prezidenti Sadəddin Saran və qardaşı
Kənan Saran qanunsuz mərc oyunlarına təşviq etmə cinayətinə görə 2
il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan əlavə, hər
iki şəxsə 562 min 500 lirə məbləğində cərimə də tətbiq olunub.
Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.
Bundan əvvəl Fənərbağça İdman Klubunun prezidenti Sadəddin Saran
barəsində ona məxsus media qrupu vasitəsilə yayımlanan futbol
qarşılaşmalarında qanunsuz mərc reklamlarının yer aldığı iddiası
ilə ittiham aktı hazırlanmışdı.
Barələrində 3 ilə qədər həbs cəzası tələb olunan Saran və
qardaşı Alan Kenan Saranın da daxil olduğu 4 təqsirləndirilən
şəxsin mühakimə olunduğu iş üzrə hökm elan edilib.
İstanbulun 23 saylı Cəza Məhkəməsində keçirilən məhkəmə
iclasında təqsirləndirilən Sadəddin Saran iştirak etməyib Saranın
iclasda iştirak etməməsi səbəbindən onun son sözü alınmayıb. Çıxış
edən Türkiyə Futbol Federasiyasının nümayəndəsi təqsirləndirilən
şəxslərin cəzalandırılmasını tələb edib. Müdafiə tərəfi isə
müvəkkillərinin bəraət almasını istəyib.
Məhkəmə iclasının sonunda Sadəddin Saran və qardaşına 2 il 6 ay
müddətinə həbs cəzası verilib.

