
Bakı. Trend:
AZPROMO-nun Belarusda keçirdiyi görüşlərdə Azərbaycan və Belarus
arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, işgüzar dairələr
arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı ticarətin artım
potensialı müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və
Belarus Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə
Minsk şəhərində keçirilən Belarus–Azərbaycan biznes forumu
çərçivəsində Agentliyin nümayəndələri bir sıra görüşlər
keçiriblər.
Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyində
görüş
Belarusun antiinhisar tənzimlənməsi və ticarət nazirinin müavini
İqor Dikun ilə görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin
mövcud vəziyyəti, tərəfdaşlığın genişləndirilməsi perspektivlərinə
dair fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Azərbaycanın Belarusdakı Ticarət Evinin
fəaliyyəti, Azərbaycan məhsullarının Belarus bazarında təşviqi və
qarşılıqlı ticarətin artırılması imkanları müzakirə olunub. Bu
istiqamətdə ixrac potensialı olan məhsullar üzrə məlumat
mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.
Belarus Ticarət və Sənaye Palatasının sədri ilə
görüş
Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov ilə
görüşdə biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, birgə
tədbirlərin təşkili, sərgi və forumlarda qarşılıqlı iştirak
imkanları nəzərdən keçirilib.
Tərəflər bir-birini ölkələrində keçiriləcək nüfuzlu beynəlxalq
tədbirlərdə iştirak etməyə dəvət ediblər. Bu kontekstdə Minskdə 30
sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək “İnnoProm” sərgisi və
cari ilin sentyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu qeyd olunub.

