
Bakı. Trend:
İyunun 4-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovla Qırğız Respublikasının xarici işlər naziri
Ceenbek Kulubayev arasında telefon danışığı baş tutub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsindən məlumat verilib.
Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Qırğız
Respublikasının yüksək səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının
(TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi təbriklərini
çatdırıb.
Tərəflər iki ölkə arasında regional və çoxtərəfli
platformalarda, o cümlədən BMT TŞ çərçivəsində qarşılıqlı dəstəyin
əhəmiyyətini vurğulayıblar.
İki ölkə arasında strateji tərəfdaşlığın mövcud səviyyəsindən
məmnunluq ifadə edilərək, siyasi, iqtisadi, humanitar və digər
sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları
müzakirə olunub.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər
ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

