
Bakı.Trend:
“Forbes” jurnalının reytinqinə əsasən Amerikalı iş adamı İlon
Mask “SpaceX” şirkətinin IPO-dan (səhmlərin fond bazarında ilkin
kütləvi yerləşdirilməsi) sonra planetin ilk trilyonçusu ola
bilər.
Trend xəbər verir
ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gələn həftə keçirilməsi planlaşdırılan
IPO uğurla baş tutacağı təqdirdə, dünyanın ən varlı insanı olan
Mask “tarixə ilk trilyonçu kimi düşə bilər”.
Maskın payının dəyəri 542 milyard ABŞ dollarına çatan “SpaceX”
şirkəti ən azı 1,8 trilyon ABŞ dolları həcmində qiymətləndirilməyə
nail olmağı hədəfləyir. Şirkət hər biri 135 ABŞ dolları olmaqla
555,6 milyon səhm satmağı planlaşdırır.
Eyni zamanda elektromobil istehsalçısı “Tesla” şirkətinə də
rəhbərlik edən biznesmen öz səhmlərini satmır. Nəticədə, nəşrdə
qeyd olunduğu kimi, “SpaceX”in səhmlərinin yerləşdirilməsi
çərçivəsində şirkətin səsvermə hüququ verən səhmlərinin 82,4 faizi
onun nəzarətində qalacaq.

