
Bakı. Trend:
Peşə xəstəlikləri müasir dövrdə əmək mühitinin ən aktual
sağlamlıq problemlərindən biri hesab olunur. Ağır və zərərli
istehsalat sahələrində çalışan şəxslər müxtəlif kimyəvi, toksik və
fiziki amillərin təsirinə məruz qalırlar ki, bu da zamanla ciddi
sağlamlıq problemlərinə səbəb ola bilər. Peşə xəstəliklərinin erkən
aşkarlanması və qarşısının alınmasında kimyəvi-toksikoloji
müayinələrin rolu xüsusi əhəmiyyət daşıyır.
Trend xəbər
verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və
Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova
suallarımızı cavablandırıb.
– Peşə xəstəlikləri nədir?
– Peşə xəstəlikləri iş mühitində ağır, zərərli və təhlükəli
istehsalat amillərinin uzunmüddətli təsiri nəticəsində yaranan,
peşə fəaliyyəti ilə birbaşa əlaqəli xəstəliklərdir. Bu xəstəliklər
işçinin zərərli istehsalat amillərinə məruz qalması nəticəsində
əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsinə səbəb
olur.
Peşə xəstəliklərinin yaranmasının əsas səbəbləri kimyəvi-toksik
maddələr, istehsalat tozları, səs-küy, vibrasiya, radiasiya, yüksək
və ya aşağı temperatur, həddindən artıq fiziki gərginlik və digər
zərərli amillərdir. Bu amillərə uzunmüddətli məruz qalma orqanizmin
normal fəaliyyətini pozur və peşə xarakterli xəstəliklərin yaranma
riskini artırır.
Peşə xəstəliklərinin qarşısının alınması üçün iş yerlərində
əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi əməl
olunmalıdır. İş yerlərinin düzgün havalandırılması, fərdi mühafizə
vasitələrindən istifadə və iş rejiminin normativ tələblərə uyğun
təşkili daim nəzarətdə saxlanılmalıdır.
– Hansı peşələr sağlamlıq üçün təhlükəli hesab
olunur?
– Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin peşə
xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin
Siyahısının təsdiq edilməsi haqqında” 14 yanvar 2002-ci il tarixli
Qərarına əsasən nəşriyyat, kimya sənayesi, maşınqayırma, kənd
təsərrüfatı, neft emalı, metallurgiya, dağ-mədən sənayesi, tikinti,
yüngül və ağır sənaye sahələri peşə xəstəlikləri riskinin yüksək
olduğu istiqamətlər kimi müəyyən edilib.
Peşə xəstəlikləri əsasən ağır, zərərli və təhlükəli istehsalat
şəraitində çalışan şəxslərdə müşahidə olunur. Risk qrupuna daha çox
mədən və dağ-mədən sahəsində çalışan kömür mədənçiləri və karxana
işçiləri, tikinti sektorunda çalışan inşaat fəhlələri və sement
ustaları, metallurgiya və sənaye müəssisələrində çalışan
qaynaqçılar və metaləritmə işçiləri daxildir.
Bununla yanaşı, kimya sənayesində boya istehsalı və laboratoriya
işçiləri, kənd təsərrüfatında pestisidlərlə işləyən fermerlər,
nəqliyyat sahəsində uzun müddət fəaliyyət göstərən sürücülər, tibb
işçiləri, eləcə də ağır fiziki əməklə məşğul olan anbar işçiləri və
yükləyicilər də yüksək risk altındadırlar. Bu şəxslər toz, kimyəvi
maddələr, səs-küy, vibrasiya və ağır fiziki yüklənmə kimi zərərli
amillərin təsirinə məruz qalaraq müxtəlif peşə xəstəliklərinə
tutula bilərlər.
– Peşə xəstəlikləri ilə bağlı kimyəvi-toksikoloji
müayinələrin aparılması nə üçün vacibdir?
– Peşə xəstəlikləri ilə bağlı kimyəvi-toksikoloji müayinələrin
aparılması işçilərin sağlamlığının qorunması və təhlükəsiz əmək
fəaliyyətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət
daşıyır.
Bir sıra peşə xəstəlikləri ilkin mərhələlərdə gizli simptomlarla
müşayiət olunur və zərərli istehsalat amillərinin orqanizmə davamlı
təsiri nəticəsində zamanla inkişaf edərək ciddi patoloji
dəyişikliklərə və ağırlaşmalara səbəb olur.
Kimyəvi-toksikoloji müayinələr vasitəsilə zərərli iş şəraitinin
insan orqanizminə təsiri vaxtında müəyyən edilir, xəstəliklər erkən
mərhələdə aşkar olunur və müvafiq müalicə tədbirləri həyata
keçirilir. Bu müayinələr işçilərin əmək qabiliyyətinin qorunmasına,
peşə xəstəlikləri riskinin azaldılmasına və əmək məhsuldarlığının
artırılmasına xidmət edir.
– Səhiyyə Nazirliyinin Mərkəzi Kimyəvi və Toksikoloji
Laboratoriyasında zəhərli maddələrin aşkarlanması üçün hansı
bioloji nümunələrdə tədqiqatlar aparılır?
– Hazırda laborator müayinələr əsasən qan və sidik nümunələri
üzərində aparılır. Bu müayinələr ağır, zərərli və təhlükəli
istehsalat sahələrində çalışan işçilərdə ağır metalların,
uçucu-zəhərləyici maddələrin, pestisidlərin və digər toksik
maddələrin mövcudluğunu müəyyən etməyə imkan verir.
Kimyəvi-toksikoloji tədqiqatlar yalnız zəhərli maddələrin
orqanizmdə mövcudluğunu deyil, həm də onların dəqiq
konsentrasiyasını müəyyən etməyə imkan yaradır ki, bu da xəstəliyin
peşə xarakterinin təsdiqlənməsi üçün mühüm əhəmiyyət daşıyır.
Yaxın gələcəkdə laboratoriyada saç və dırnaq nümunələri üzərində
də bu müayinələrin aparılması nəzərdə tutulur.
– Peşə xəstəliklərinin qarşısının alınmasında
kimyəvi-toksik maddələrin monitorinqi nə üçün
vacibdir?
– Ağır metallar, uçucu-zəhərləyici maddələr və pestisidlər
yüksək toksikliyə malik, xüsusi təhlükə yaradan maddələrdir. Bu
maddələrə uzunmüddətli məruz qalma sinir sistemi, ürək-damar
sistemi və tənəffüs orqanlarına ciddi zərər vurur, həmçinin
qaraciyər və böyrəklərin funksiyasını zəiflədir.
Kimyəvi-toksik maddələrin monitorinqi işçilərin sağlamlığında
baş verən dəyişiklikləri vaxtında aşkar etməyə, orqanizmin zəhərli
maddələrə məruz qalma səviyyəsini izləməyə və peşə xəstəliklərinin
erkən mərhələdə qarşısını almağa imkan verir.
– Səhiyyə Nazirliyinin Mərkəzi Kimyəvi və Toksikoloji
Laboratoriyasında kimyəvi-toksikoloji tədqiqatlar hansı üsullarla
aparılır?
– Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyada ağır metallar,
pestisidlər və uçucu-zəhərləyici maddələrlə bağlı laborator
tədqiqatlar yüksək dəqiqlik və həssaslığa malik müasir cihazlarla
həyata keçirilir.
Bunlara plazma ilə induktiv əlaqəli kütlə spektrometriyası
cihazı (ICP-MS), qaz xromatoqrafı (GC), kütlə spektrometriyalı qaz
xromatoqrafı (GC-MS), ikiqat kütlə spektrometriyalı qaz
xromatoqrafı (GC-MS/MS) və ikiqat kütlə spektrometriyalı maye
xromatoqrafı (LC-MS/MS) daxildir.
Əldə olunan etibarlı nəticələr əsasında ağır metallar və digər
toksik maddələrlə təmasda olan şəxslərin sağlamlıq vəziyyətini
izləmək, risk faktorlarını erkən mərhələdə müəyyən etmək mümkün
olur.
– Peşə xəstəliklərinin qarşısının alınması və
müalicəsində Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji
Laboratoriyanın rolu nədən ibarətdir?
– Laboratoriyamızda müasir tədqiqat üsullarından istifadə
etməklə ağır, zərərli və təhlükəli istehsalat sahələrində çalışan
işçilərin bioloji nümunələrində – əsasən qan və sidikdə – zərərli
kimyəvi və toksik maddələrin, pestisidlərin və ağır metalların
səviyyəsi müəyyən edilir.
Aparılan kimyəvi-toksikoloji tədqiqatların nəticələrinə əsasən
işçilərin zərərli amillərə məruz qalma dərəcəsini qiymətləndirmək,
intoksikasiya əlamətlərini vaxtında aşkar etmək və profilaktik
tədbirlərin görülməsini təmin etmək mümkündür.

