İyunun 15-də “Super Təzə Ay” hadisəsi baş verəcək

Baş səhifə

Bakı. Trend:

İyunun 15-də “Super Təzə Ay” (Super New Moon) müşahidə olunacaq.
Bu hadisə Ayın həm “Təzə Ay” fazasında olması, həm də Yerə minimum
məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə
olunur.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika
kafedrasından Trend-ə verilən məlumata görə, Ay iyunun 15-i Bakı
vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun
Yerə qədər məsafəsi 357 195 km olacaq.

Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay “Təzə Ay” fazasına
daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3
saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super
Təzə Ay adlandırılır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay
hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay
Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.




“Təzə Ay” zamanı Ay Yer ilə Günəş arasında yerləşir və onun
işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində
görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük
əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq
edir və zəif dərin səma obyektlərinin – qalaktikaların, ulduz
topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait
yaradır.

Ayın orbiti tam dairə deyil, ellips formasındadır. Buna görə
Ayın Yerə qədər məsafəsi daim dəyişir. Perigey nöqtəsində Ay Yerə
ən yaxın, apogey nöqtəsində isə ən uzaq mövqedə olur. “Super Təzə
Ay” hadisəsi məhz Ayın perigey yaxınlığında “Təzə Ay” fazasına
düşməsi nəticəsində baş verir. Bu hadisə zamanı Ay Yerə bir qədər
yaxın yerləşsə də, görünmədiyi üçün bunu vizual olaraq müşahidə
etmək mümkün deyil. Lakin Ayın və Günəşin cazibə qüvvələrinin birgə
təsiri nəticəsində okeanlarda daha güclü qabarma-çəkilmə hadisələri
baş verə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir