“Azərişıq” barəsində iş qaldırılıb, icrası məcburi göstəriş verilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri, o
cümlədən Azərbaycan Respublikası Energetika Nazirliyinin
tabeliyində Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil
olmuş məlumatlar əsasında elektrik enerjisi təchizatının
qanunvericiliyə uyğun təşkili istiqamətində “Azərişıq” ASC
barəsində araşdırma aparıb.

Trend bu barədə
agentliyə istinadən məlumat verir.

Bildirilib ki, araşdırmalar zamanı elektrik enerjisi
təchizatının Rəqabət Məcəlləsinin və sahəvi qanunvericiliyin
tələblərinə tam uyğunluğunun təmin edilməsi, habelə istehlakçıların
hüquq və mənafelərinin qorunması məqsədilə müvafiq təkmilləşdirmə
tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas götürülərək iş
qaldırılıb. Rəqabət komissiyası tərəfindən baxılan işin hərtərəfli,
tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işə baxılması
prosesinə EMTA-nın səlahiyyətli nümayəndələri cəlb edilib.




İşə baxılma prosesində “Azərişıq” ASC tərəfindən elektrik
enerjisi istehlakına görə istehlakçılarla hesablaşmaların
aparılması və bildirişlərin təqdim olunmasının sahə üzrə
qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, eləcə də
elektrik enerjisi təchizatının dayandırılmasında qanunvericilikdə
nəzərdə tutulmuş müddətlərə riayət edilməsinin vacibliyi müəyyən
edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Rəqabət
Məcəlləsinin müvafiq maddələrinin tələbləri çərçivəsində “Azərişıq”
ASC-yə elektrik enerjisi təchizatının sahəvi qanunvericiliyin
tələblərinə uyğun olaraq həyata keçirilməsi, istehlakçılara təqdim
edilən hesabda (bildirişdə) elektrik enerjisinə görə istehlakçının
mövcud qalıq borcunun göstərilməsi, istehlakçılara təqdim edilən
yazılı xəbərdarlıqlarda sahəvi qanunvericiliyin tələblərinə uyğun
dəyişikliklərin həyata keçirilməsi ilə bağlı icrası məcburi
göstəriş verilib. Bundan əlavə, rəqabət qanunvericiliyinin
tələblərinin pozulmasında birbaşa iştirak etmiş “Azərişıq” ASC-nin
Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional (Rayon)
Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) rəisləri, habelə
sözügedən RETSİ-lərin enerji satışı üzrə müavinlərinə maliyyə
sanksiyası tətbiq edilib.

Agentlikdən qeyd edilib ki, hazırda “Azərişıq” ASC tərəfindən
elektrik enerjisi təchizatında sahəvi qanunvericiliyin tələblərinə
riayət olunması və abonentlərlə işin daha effektiv təşkili
istiqamətində zəruri addımlar atılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir