
Bakı. Trend:
Milli Məclisdə sürücülük hüququndan məhrumetmə həddinin 20
baldan 40-50 bala qaldırılması təklifi müzakirə olunub.
Trend xəbər verir
ki, parlamentin bugünkü iclasında səsləndirilən təklifə əsasən,
peşəkar sürücülər və taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün
mövcud 20 ballıq limitin artırılması məqsədəuyğun hesab edilir.
Bildirilib ki, şəhərdaxili və bölgələrarası marşrutlarda çalışan
sürücülər yollarda adi sürücülərlə müqayisədə 5-8 dəfə daha çox
vaxt keçirirlər. Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslər
üçün sürücülük əsas gəlir mənbəyidir və onların böyük hissəsi
ailəsinin yeganə qazanc sahibidir.
Müzakirələr zamanı qeyd olunub ki, uzun saatlar ərzində sükan
arxasında olan sürücülər kiçik qayda pozuntularına görə daha
sürətlə 20 ballıq həddə çatırlar. Nəticədə sürücülük hüququnun
itirilməsi onların gəlir mənbəyindən məhrum olmasına, ailə
büdcəsinə mənfi təsir göstərməsinə, bəzi hallarda isə işsizliyə və
maliyyə problemlərinə səbəb olur.
Diqqətə çatdırılıb ki, mövcud 20 ballıq limit peşəsi sürücülük
olan şəxslər üçün qeyri-bərabər şərait yaradır. Adi sürücülər
alternativ nəqliyyat vasitələrindən istifadə edə bildiyi halda,
peşəkar sürücülər sürücülük hüququnu itirdikdə gəlirlərini də
itirmiş olurlar.
Təkliflər sırasında sürücülük hüququndan məhrumetmə həddinin 20
baldan 40-50 bala qaldırılması, bal sisteminin yalnız kobud qayda
pozuntularına tətbiq edilməsi və ilk dəfə törədilən yüngül
pozuntular zamanı yalnız cərimə ilə kifayətlənilməsi kimi məsələlər
yer alıb.

