Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş
beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər
verir ki, müraciətdə qeyd olunub:

“Hörmətli iştirakçılar,

Hamınızı Ümumdünya Ətraf Mühit Günü münasibətilə səmimi-qəlbdən
təbrik edirəm.

Azərbaycanın regionda ilk dəfə olaraq bu qlobal tədbirə ev
sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq
səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin
artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə
kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin
göstəricisidir.

XXI əsrdə ətraf mühitin mühafizəsi beynəlxalq ictimaiyyətin
ortaq məsuliyyətidir. İqlim dəyişmələrinin ildən-ilə artan dağıdıcı
fəsadları, təbii sərvətlərin, o cümlədən su ehtiyatlarının sürətlə
tükənməsi, biomüxtəlifliyin azalması, torpaqların deqradasiyası,
çirklənmə və kəskin istilər bir-biri ilə əlaqəli və təxirəsalınmaz
tədbirlər tələb edən proseslərdir.

Planetimizin üzləşdiyi ekoloji problemlər təkcə ekosistemlərə
deyil, həm də dayanıqlı inkişafa, insan sağlamlığına, həyat
şəraitinə və ölkələrin tərəqqisinə ciddi təsir göstərir. Gələcək
nəsillərin rifahı bu gün bizim bu çağırışların öhdəsindən gəlmək
bacarığımızdan asılıdır.

Biz Azərbaycanda bu öhdəliyə tam məsuliyyətlə yanaşır və ətraf
mühitin mühafizəsi sahəsində genişmiqyaslı layihələr həyata
keçiririk.

Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın
artdığını müşahidə edirik. Su qıtlığı təkcə Azərbaycan üçün deyil,
bütün region üçün ciddi narahatlıq doğuran məsələdir. Xəzər
dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi
minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz
göstəricisidir.

Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi 2030-cu ilə qədər
Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli
prioritetdən biri kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun
olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su
ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin edilməsi və tullantıların idarə olunması
məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü
səylər göstərilir.

Biomüxtəlifliyin qorunması məqsədilə Azərbaycanda xüsusi
mühafizə olunan təbiət əraziləri genişləndirilir. Bir çox relikt,
həmçinin regional və yerli endemik flora növləri ilə zəngin, nadir
meşə massivi olan Hirkan meşələri Azərbaycanın UNESCO-nun Ümumdünya
İrs Siyahısına daxil edilmiş ilk təbiət ərazisidir.

Əfsuslar olsun ki, təxminən 30 il ərzində işğal altında olan
ərazilərimiz ekosidə və urbisidə məruz qalmış və bu da həmin
ərazilərdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdu. Bundan
əlavə, işğal olunmuş ərazilərdə basdırılmış çoxsaylı minalar bu gün
də ciddi ekoloji ziyan vurmaqda davam edir.

Ərazilərimizin işğaldan azad edilməsindən dərhal sonra
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında
genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlamışdı. “Ağıllı
şəhər” və “Ağıllı kənd” konsepsiyalarına uyğun olaraq
infrastrukturun yenidən qurulması, yaşıl enerji layihələrinin
həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi yerli
ekosistemin bərpasına töhfə verəcək.

Eyni zamanda, yaşıl enerji zonaları elan edilmiş Qarabağ və
Şərqi Zəngəzur günəş, külək və su elektrik resursları da daxil
olmaqla geniş bərpaolunan enerji potensialına malikdir. Yaşıl
enerjinin inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin
prioritetləri sırasındadır.

Hörmətli iştirakçılar,

“Təbiətdən ilhamlanaraq. İqlim naminə. Gələcəyimiz naminə”
qlobal çağırış adı altında keçirilən builki Ümumdünya Ətraf Mühit
Günü iqlim fəaliyyəti və təbiət arasında qarşılıqlı əlaqənin
gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır.

Bu gün iqlim böhranının sərhəd tanımayan fəsadları beynəlxalq
əməkdaşlığın gücləndirilməsini zəruri edir. Azərbaycan COP29-a
sədrliyi dövründə iqlim diplomatiyası və çoxtərəfli dialoq üçün
mühüm platforma təmin etmiş, inkişaf etməkdə olan və inkişaf etmiş
ölkələr arasında körpü qurmaqla qlobal həmrəyliyi daha da
gücləndirmişdi. Azərbaycanın COP mirasını təşkil edən “Bakı
sıçrayışı” tarixi qərarlarla yadda qaldı.

COP29-dan bu günədək iqlim liderliyimiz davam etmiş və
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun tarixində ən
genişmiqyaslı, sayca 13-cü sessiyasına ev sahibliyi etmişdi. Tədbir
“Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi ilə
nəticələnmişdir. Sənəddə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə
və hər kəs üçün dayanıqlı, əlçatan və iqlimə davamlı mənzil
təminatı üçün konkret addımların atılmasına zərurət olduğu
vurğulanır.

Azərbaycan gələcək nəsillərə yaşıl və dayanıqlı bir dünya miras
qoymaq məqsədilə çoxtərəfli əməkdaşlığı bundan sonra da təşviq
edərək qlobal ekoloji gündəliyin irəlilədilməsində fəal rol
oynamağa davam edəcək.

Tədbirin işinə uğurlar arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir