
Bakı. Trend:
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə
sadələşdirilmiş icraatla bağlı bəzi müddətlər artırılacaq.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə
olunan Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, qanan qanun layihəsinə əsasən, Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində böyük ictimai
təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat ilə
bağlı bəzi müddətlərin artırılması nəzərdə tutulur.
Belə ki, məhkəməyədək sadələşdirilmiş icraatın açılması və ya
açılmasından imtina barədə qərarın qəbul edilməsi, təhqiqatın
aparılması, prokuror nəzarətinin həyata keçirilməsi və s. ilə bağlı
müəyyən edilmiş bəzi prosessual müddətlərin artırılması təklif
olunur. Müvafiq müddətlərin artırılmasında məqsəd sadələşdirilmiş
icraat aparılarkən işin hərtərəfli araşdırılmasının və zəruri
sübutların toplanılmasının təmin olunmasıdır.
Dəyişikliyə əsasən, artıq məhkəməyədək sadələşdirilmiş icraat
şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət
üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan
10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.
Qanun layihəsinə əsasən, Məcəllənin bəzi maddələrində “şikayət”
sözü *məlumat” sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda
məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş
vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları
məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.
Qanun layihəsində hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi
barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük
ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və
ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin
məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair
yekun protokolda hüquqi şəxsin adı, olduğu yer ve vergi
ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq
dəyişiklik nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

