
Bakı.Trend:
Siyəzən–Dağ Quşçu–Ərziküş avtomobil yolunda bərpa və
möhkəmləndirmə işlərinə başlanılıb.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə
gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi
texnika və mexanizmlər cəlb olunub.
“Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin
bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının
genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol
yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması
istiqamətində tədbirlər görülür.
Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və
metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq
işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin
minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də
həyata keçirilir.
Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam
bərpasına nail olmaqdır”, – deyə məlumatda bildirilir.
Məlumat üçün bildirək ki, Siyəzən-Dağ Quşçu-Ərziküş yolunun bəzi
hissələri sel suları nəticəsində deformasiyaya məruz qalıb.

