
Bakı. Trend:
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
müvəqqəti komissiyası “CNN”dən əsassız iddiaları sübut etməyi tələb
edib.
Trend xəbər
verir ki, bu barədə komissiya bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, komissiya “CNN”dən “CNN” transmilli
media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli
şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi” başlıqlı
məqaləsində adları açıqlanmayan mənbələrə istinad edərək
Azərbaycana qarşı informasiya təxribatının əsassızlığı barədə
açıqlama verməyə və ya iddialarını sübut edəcək faktları
ictimaiyyətə təqdim etməyə çağırır:
“Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
komissiyası bu məlumatın Yaxın Şərqdə sülh prosesinə, habelə
Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl
gətirmək məqsədilə yayıldığını və dezinformasiya kampaniyasının bir
hissəsi olduğunu bəyan edir.
İlk növbədə qeyd olunmalıdır ki, mühüm diplomatik və siyasi
hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin
astanasında “CNN” və oxşar media quruluşları tərəfindən Azərbaycana
qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq
birinci hal deyil.
Komissiyanın apardığı monitorinq zamanı müəyyən edilib ki,
adıçəkilən məqalə paylaşıldıqdan dərhal sonra “fürsətçi
amplifikasiya” taktikası və prosesi nəticəsində bu anti-Azərbaycan
narrativ dünya üzrə əksər nüfuzlu media orqanlarında, habelə “X”, “Threads”, “Facebook” və “Telegram” kimi sosial media
platformalarında sürətlə yayılaraq kampaniya halını alıb.
Məqalə müəlliflərinin sonda daim Azərbaycanın əleyhinə olan
mövqeyi ilə seçilən və vaxtilə “Soros Fondu”nun maliyyələşdirdiyi
media layihələrdə fəaliyyət göstərən şəxsə müraciət etməsi isə
məsələnin haradan qaynaqlandığını ehtimal etməyə əsas verir.
Müvafiq dövlət qurumlarımız tərəfindən də dəfələrlə bəyan
edildiyi kimi, ölkəmizdə heç bir xarici dövlətin hərbi qüvvələri
(qoşunları) və ya bazaları yoxdur və Azərbaycan Respublikasının
ərazisindən üçüncü dövlətlərə qarşı hansısa qeyri-dost
fəaliyyətlərin aparılması mümkün deyil.
Əks halda “CNN” doğrulanmamış və anonim mənbələrə söykənərək
geniş beynəlxalq əhatə dairəsinə malik materiallar yaymaqla hibrid
təhdidlərin vacib komponentləri sayılan informasiya əməliyyatları,
saxta narrativlər və dezinformasiya kampaniyalarında alət rolunu
oynadığını bir daha təsdiq etmiş olacaq”.

