
Bakı.Trend:
Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan və Ermənistan
vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Macarıstan hökumətinin rəsmi
nümayəndəsi Vanda Şondi bəyan edib.
Onun sözlərinə görə, Macarıstanın yeni hökuməti Ermənistan və
Gürcüstandan olan əmək miqrantlarının ölkəyə girişinə və
sadələşdirilmiş qaydada işə qəbuluna qadağa tətbiq edib. Şondi
bildirib ki, bu qərar xarici işçilərin məşğulluğu ilə bağlı ümumi
qaydaların yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul
olunub.
“İlk addım kimi hökumət qərarına edilən dəyişiklik qüvvəyə
minir. Həmin qərar əsasında işəgötürmə agentlikləri üç ölkədən
işçiləri sürətləndirilmiş prosedurla kütləvi şəkildə gətirə
bilirdilər. Söhbət Filippin, Gürcüstan və Ermənistandan gedir. Bu
gündən etibarən həmin üç ölkənin vətəndaşları sadələşdirilmiş qayda
ilə Macarıstana gələ bilməyəcəklər. Artıq ölkədə olan şəxslərin iş
icazələrinin uzadılması ilə bağlı müraciətləri isə ümumi prosedura
uyğun şəkildə nəzərdən keçiriləcək”,- deyə Şondi bildirib.
O, niyə məhz bu üç ölkənin seçilməsinin səbəblərini
açıqlamayıb.
Şondi qeyd edib ki, yeni hökumətə rəhbərlik edən Peter Magyar
seçkiqabağı vədlərinə uyğun olaraq Macarıstanda “qastarbayterlərin”
(əmək miqrantlarının) işə qəbul şərtlərini sərtləşdirir.

