
Bakı. Trend:
“Morgan Stanley” şirkəti SpaceX-in gəlirinin 2040-cı ilə qədər
3,4 trilyon dollara çatacağına inanır.
Trend xəbər
verir ki, bankın analitikləri şirkətin tənzimlənmiş xərcləri
hesablanmadan qazancının 2,7 trilyon dolları keçə biləcəyini təxmin
edirlər. Bu məlumatlar gələn həftə keçiriləcək səhmlərin
ictimaiyyətə təklif edilməsindən (IPO) əvvəl SpaceX-in 1,77 trilyon
dollarlıq qiymətləndirməsini dəstəkləmək üçün nəzərdə tutulub.
2025-ci ildə 18,7 milyard dollar gəlirdən 4,9 milyard dollar
zərərə uğrayan Elon Muskın şirkəti tarixdəki ən böyük ilkin kütləvi
təkliflə təxminən 75 milyard dollar toplamağı hədəfləyir.
IPO-dan əvvəl proqnozlar verən “Morgan Stanley” və “Goldman
Sachs” analitikləri SpaceX-in gəlirinin 2028-ci ilə qədər təxminən
160 milyard dollara çatacağını gözləyirlər.
Hər iki bank SpaceX-in süni intellekt biznesinin gələcək
gəlirlərə əsas töhfə verəcəyini proqnozlaşdırır. “Goldman” 2030-cu
ildə təxminən 322 milyard dollar, “Morgan Stanley” isə 190 milyard
dollar gəlir əldə edəcəyini təxmin edir.

