
Bakı.Trend:
2026-cı ilin may ayında Bakı və Abşeron yarımadasında havanın
temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9
gün isə normadan aşağı müşahidə edilib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov
Trend-ə
açıqlamasında bildirib.
O qeyd edib ki, mayda orta aylıq temperatur 18°C isti təşkil
edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Onun sözlərinə görə, yarımadada maksimal temperatur mayın 13-də
32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti
(Kürdəmir) təşkil edib. Minimal temperatur isə Bakıda və Abşeron
yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq
ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub.
“May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə
yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi
ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub.
Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə
edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və
Abşeron yarımadasına (Bakı – 148 mm), aylıq normanın 199 faizi
olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 mm) və aylıq
normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85
mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü
mayın 9-da Şahdağda 9 sm qeydə alınıb”.
N.Mahmudov onu da qeyd edib ki, may ayı ərzində ölkənin müxtəlif
bölgələrində dolu hadisələri də qeydə alınıb. Dolu əsasən Bakı və
Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki,
Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa,
Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub. Dolu
dənələrinin diametri əksər hallarda 4–20 mm arasında dəyişib. Ən
böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük
Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15–30 mm təşkil
edib.
“2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı
rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib.
Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli
hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və
Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib”.

