Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları
üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Trend-ə verilən məlumata görə, həmin gün III qrup üzrə
DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni
üzrə də imtahan keçiriləcək.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax,
Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə,
Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran,
Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə
qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.




a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan
binası, 3803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına
212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673
buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 33 986, IV ixtisas qrupu üzrə 6
518, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini
seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 11 186
nəfər olmaqla, ümumilikdə 51 690 abituriyentin iştirakı nəzərdə
tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,
serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak
edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının
81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş
şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də
şərait yaradılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir