
Bakı.Trend:
İrandan İsrailə növbəti raket hücumu dalğası qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat
yayıb.
Ölkənin mərkəzi və cənub bölgələrinin bir çox rayonlarında hava
həyəcanı elan olunub. Aşdod, Aşkelon, Beer-Şeva, Qüdsdə, o cümlədən
Təl-Əvivin cənubundakı şəhərkənarı qəsəbələrdə həyəcan təbilləri
çalınıb.
Təl-Əvivin özündə hava həyəcanı elan olunmasa da, şəhərdə bir
neçə partlayış səsi eşidilib. Ehtimal olunur ki, bunlar ölkənin
mərkəzi hissəsi üzərində havada raketlərin məhv edilməsi
nəticəsində baş verib.
Bundan əvvəl gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İrana
zərbələr endirib. Ordunun mətbuat xidməti bildirib ki, hücumların
hədəfi İslam Respublikasının qərb və mərkəzi hissələrində yerləşən
hərbi obyektlər olub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

